GÜRCÜLƏRİN DİL DİRƏNCİ

Gürcüstan Tbilisidə gözümü dəyən dil üzrə bir neçə hadisədən danışacam:

Dostumla birgə Tbilisin küçələrində fırlanırdıq. Gürcü diliylə maraqlanıb bir neçə sözlərini öyrənmişdik. Qamarjoba salam, roqorxaar nəcəsən, madloba isə sağ ol deməkdi. Gürcülərlə belə sözə başlayanda bizimlə maraqlanır, yaxşı söhbət apardılar. Mənim ruscam yaxşı deyildi, ona görə hər deyiləni başa düşmürdüm ancaq dostum mənə deyiləni çevirirdi.

***

Günorta Tbilisidə ən böyük kilsə adlanan Sameba kilsəsinə getdik. Görkəmliydi. İçəridə ora bura baxırdım. Birdən papazı gördüm, elə camaat da ora tərəf boylanıb, olanlara gözünü zilləmişdi. Papazın əlində bir şəylər vardı və ardıcıl olaraq uşağa və yekəcə bir qadına bir şəylər yedirir içirirdi. Dostuma “nəyniyirlər?” deyə soruşdumsa da o da bilmirdi. Sonra yanımızda dayanan qadına rus dilində “onlar nə edirlər?” deyə soruşduq. Qadın bizə baxıb üzünü o yana çevirdi və eşitməmiş kimi davrandı. Dostumla üz üzə gəldik. Bu durum bizi də çaşdırmışdı. Sonra həmin qadına “biz Türkiyədən gəzməyə gəlmişik, ona görə də maraqlanırıq ki bu nədir?” deyəndə “mən rus dilini yaxşı başa düşürəm amma rus dilində danışmaq istəmirəm” dedi. Sonra papazın vaftiz elədiyini də bildirib yanımızda ayrıldı.

Kilsədən çıxandan sonra yemək yeməyə bir restoranta getdik. Menyunu istədik. Bizə gürcü əlifbasında bir menyu getirdilər. Görəsən biz heç turistə oxşamırdıq? Sonra menyunun latin ya da ki kiril varyantlı olanını soruşduq. Onda gedib gətirdilər. Sifarişi verəndə iki qarson gəldi. Çünki qarsonlar hardasa iyirmi beş, iyirmi altı yaşlarında olmalarına baxmayaraq rus dilini məndən də pis bilirdilər. Biraz gözlədikdən sonra içəcəklərimiz gəldi. Mən məyva şirəsi istəmişdim ancaq gələn piveydi. Dostum bir kabab istəmişdi amma ardıcıl olaraq üç kabab gəldi. Sifarişlərimizdən biri də gəlməmişdi. Restorandan məsuliyyətli qadın, bizdən üzr istədi. Qarsonlar rus dilini bilmirmiş, ona görə bu qarışıqlıq yaranıbdır.

***

Hədiyyəlik satan bir mağazaya girdik. Təzgahda boyubağlarına göz gəzdirəndə biri xoşumuza gəldi. Rus dilində “bunun qiyməti neçəyədir?” deyə soruşdu dostum. Qadın heç nə demədən boyunbağını çıxardıb dalını çevirdi və ödəniş qiymətinin yazılı olduğu yaşıl rəngli etiketi görsətdi. Sonra başqa bir boyunbağını görsədib baxmamız üçün bizə verməsini  istədik. Yenə heç nə demədən boyunbağını verdi. Sonra “bu nədən düzəldilibdir?” deyə soruşduqsa da üzümüzə baxıb heç nə demədi. Başqa təzgahda olan yetkin bir kişi gümüşdən düzəldildiyini dedi. Onda başa düşdük ki qadın bizlə danışmaq istəmir. Öz aranızda rus dilində danışmırsınız, bax bunu anlayıram amma ölkənə gələn yad adamlara niyə belə eləyirsən bunu başa düşmək olmur. Elə buna görə əsəbləşib maqazindən çıxdıq.

***

Tbilisidən Bakıya gəlmək üçün qatara mindik. Qatar Azərbaycan Dövlət Dəmir Yollarına aiddi. Vaqonda bizlə yanaşı azərbaycanlılar və gürcülər də vardı. Qatarda bir gecəni keçirib gün ağartdığımızda qatar işçilərindən azərbaycanlı bir qadın, rus dilində gürcü yeniyetmələrdən birinə camdan bayıra baxmamasını dedi. Yeniyetmə rus dilini bilmədiyinə görə, qadına baxıb başını yenə bayıra tərəf çevirdi. Qadın əsəbləşdi. Başqa şəylər də dedi. Yeniyetmənin validəynləri gəldi. Onlar sovet dövründən qaldıqlarından rus dilini başa düşürdülər. Qadın, yeniyetmənin özünə qulaq asmadığını bildirdi. Gürcülər də onun rus dilini bilmədiyinə görə belə etdiyini söylədi. Əsəblənmiş qadın, “bu nətəri mədəniyyətdi, rus dili bilmir?” deyə çıxış elədi.

***

Gürcülər rus dilini danışmaq istəmir. Bu günləri gənclər və yeniyetmələr rus dilini ya elə belə bilir ya da ki heç bilmir. Gürcülər, min illərdi ki qoruduqları dillərini bağımsız olandan sonra daha da yaxşı saxlamağı bacarırlar. Biz, özümüzlə əlaqəsi olmayan latin əlifbasında yazarkən onlar doğma əlifbalarını işlədirlər. Biz rus dilində danışmağı mədəniyyət sayarkən onlar rus dilində danışanlara lağ eləyirlər. Uşaqlarına rus dilində təlim keçmirlər. Öz dəyərini bilən kim olarsa mən ona sayğı duyaram, “var olun” deyərəm: Var olun gürcülər... Var olun ki biz də sizin kimiləri özümüzə örnək kimi apara bilək.

Hiç yorum yok:

Yorum Gönder