ARI DA ARIQLAYAR!

Dilimizdə elə sözlər var, düzəlmiş biçimini qullanırıq ancaq kökünü bilmirik. Örnəyin Türkiyə Türkcəsində uslu sözü sıqça qullanılır ancaq kökünün ağıl demək olan us olduğu bilinmir. Ya da mutlu-mutsuz kimi sözləri işlədilir amma mut nədir bilinmir. Bununla yanaşı Azərbaycanda güvənmək sözü işlətilir amma güvən, güvənsiz, güvənlik, güvəncə kimi sözlər bilinmir.


Arıq
sözünü götürək. Bunu daşlaşmış söz kimi aparırlar. Ancaq bu yanlışdır, arıq sözünün kökənini açıqlamaq olar. İndi bu sözü xırdalamadan qabaq bir nəçə bilik verim, yoxsa başa düşüləsi deyildir.

Əski dildə söz sonundakı [g] səsləri günümüzdə düşər ya da sərtləşər. Bilig > bilik, açıg > açı > acı, kapug > kapu > kapı > qapı, arıg > arı kimi örnəkləri artırmaq olar. Bir də Divanı Lüğətit Türk-də yazdığı kimi, arı sözü təmiz-saf deməktir. Burada keçən arı sözünün həyvan olaraq bildiyimiz, bal ürətən böcək olmadığını bilirik. Ona görə də, arı sözü bir ön addır. *Arı böcək sözündəki böcək sözü düşüb, arı qalıb. Onu bilirik ki, arılar çox arınıq böcəklərdir. Hər biri arı öz qovanına girməzdən öncə qapıda ayaqlarını arındırar. Gəzəndə də yalnızca çiçəklərə qonar. Bu nədənlə də atalarımız bu böcəyi arı (təmiz-saf) qəbul edibdir. Hətta aydan arı, sudan duru deyimimiz var. Burada göyə baxanda gördüyümüz aydan da təmiz, ağ görünür deyilmək istəndiyi üçün aydan arı deyilir. Yəni əski anlayışını hələ özündə saxlasa da biz bunu unutmuşuq.

Beləliklə arıqlamaq sözünün iki kökən açıqlaması var.
1) Bilig > bilik örnəyindəki kimi qalınlaşma olaraq: arıg > arık > arıq
2) Arı sözünə ik(ıq)4 əki gətirilərək düzəltmə.

İki olasılığı da xırdalayağın:

1) Mahmut Kaşqari-nin Divanı Lüğətit Türk kitabında belə bir yazı var: “arıglık ارغلق , təmizlik.” Deməli arıg "təmizlik", arıglamak isə "təmizlənmək" deməkdir. Bunu da deyim: təmiz sözü Ərəb kökənlidir. Təmizlənmək isə yalnızca çimərək olan iş deyildir. Kökələn birinin qarnı yağla dolar. Arıqlaması üçün bu yağlardan arınması-təmizlənməsi gərəkir. Onda yağlar əriyib, qarın təmizlənəndə o adama arıqladı, təmizləndi deyibdilər. Bu sözüm gərçək isə sözün kökü arıg olar. Deməli əski söz günümüzə qalınlaşaraq çatıbdır.

2) Sözün kökü üçün yenə arıg deyəcik ancaq bu kəz söz sonundakı [g] səsinin düştüyünü ələ alacağıq. Arıg > arı kimi günümüzə çatıbdırsa bu bir ön ad deməli sifətdir. Burada ik(ıq)4 şəkilçisinin gəlməsini gözləyə bilərik. Ancaq bu şəkilçi yalnızca fellərə qoşulur. Belkə ada qoşulan başqa söz olsa deyərik ki, “həmin şəkilçi həm ada həm de fellərə qoşulur.” Bundan ötrü bu ikinci variyantın doğruluğu kəsin deyildir. Ancaq olası olduğuna görə bunu da xırdaladım.

1 yorum: