KƏLMƏNİ YOX ETMƏK


Bir kəlməni, sözü yox etmək olarmı?
Fikirləşirik...
Dostum deyir: “Hə, olar”.
Mən qarşı çıxıram: “Yox! Ola bilməz. Unutmaq olar, amma yox etmək olabilməz”.

***

Sözlər, sadəcə olaraq yaddaşlardan çıxır. Bir söz, başqa bir sözlə əvəz olunur. Məsələn “us” sözünü, biz “ağıl” sözü ilə əvəzləmişik. Ya da deyə bilərim ki, “kalık” (qalıq) sözü əvəzinə, biz bu günləri “hava” sözündən istifadə edirik. Nümunələri həddindən artıq artırmaq olar, amma demək istəyirim ki, söz yox olmur, sadədə unudulur.

Unudulan şeyi də, təkrardan yada salmaq mümkündür. Farsların böyük əsəri Gülüstanda bunu görürük. Fars dilində unudulan minlərlə sözü yenidən aktual, güncəl duruma çıxarmağı bacardı. İsraillilər, hardasa 7 min sözdən ibarət olan İbranicəni, müstəqillik qazanandan sonra 70 min sözə qaldırdılar. Unudulan sözləri yada salmaq qıraqda dursun, həmin sözlərlə bir də yeni sözlər yaratdılar. İndi 100 mindən artıq söz əhatəsi var.

Bəs biz?

Biz də dirildə bilərik. Məsələn, “tanımaq” sözü ilə bir kökdən olan “tanuq” sözünü, biz bu günləri “tanıq” formasında “şahid” mənasında yada sala bilərik. Yaxud, ilk müsəlman Türklər olan Qaraxanlıların tərcümə etdiyi Quranı Kərimdə, bir çox dini söz gedir, bunları da xatırlayıb dilimizdə işlətmək olar. Beləliklə, “namaz” əvəzinə “yükünç”, “Quran” yerinə “Oxuqu” (əski forması – okıgu) deyə bilərik.

***

Düşünürəm...
Bəlkə də mən səhv deyirəm!
Bəlkə də bir sözü yox etmək olar.

“Qarında eş” (deməli eyni qarında bərabər [eş] olan) mənası ilə qədim tarixdə dədə-babalarımız “karında eş” sözü kimi istifadə edirdilər. Buna oxşayan “arxada eş” (arxalarını, sırtlarını bir-birinə söykəyərək döyüşənlər üçün deyilirdi), “əməkdə eş” və s. sözlər də yaranıb işlətildikdən bir müddət sonra, birgəlik anlayışı verən şəkilçi də yarandı: -dAş. Onda, “qarındaeş” oldu “qarındaş”, “arxada eş” oldu “arxadaş”, “əməkdə eş” oldu “əməkdaş”...

Həə, deyirdim bəlkə bir sözü yox etmək olar. Qayıdaq...

“Karında eş” oldu “qarındaş”. Sonra qısalıb oldu “qardaş”.
Tənbəllikdən “qardaş” sözünü də deməyə ərinənlər, “qaqaş” formasına çevirdi.
Bundan ürəklənən bir neçə igid, “qaqa” sözünü də yaradıb, camaat arasında yaydı.

Ona görə də mən, irəlidə “qaqa” sözünün də qısalacağını və əvvəl “qaq”, sonra “qa”, ardından “q” və nəhayət ki yox olacağını gözləyirəm.

Bəlkə də...

Əgər biz bunu uğurla başa çatdırsaq, dünyada bir sözü yox edən ilk toplum kimi bilinərik.

SORUŞMAĞI KİMDƏN ÖYRƏNMİŞİK?

Türk dillərinin xüsusiyyətlərindən biri də odur ki, sual vermək isteyəndə şəkilçidən istifadə olunur.

Ancaq bununla yanaşı, bəzən sözləri uzadıb, intenasyayla da sual vermək olur.

Əski əl yazmaları olsun, abilər olsun, incələyəndə görürük ki, təkcə şəkilçilə sual verilir. Onda belə çıxır ki, səs uzadaraq sual vermək, sonradan dilimizin inkişafı ilə əmələ gəlib ya da sonradan başqasından öyrənmişik.

Mən, ikinci variant üzərində daha çox fikirləşirəm.

(Birinci variantın doğruluğu üzrə fikri olanların çıxışlarını gözləyəcəyəm.)

***

Ruslardan da öyrənmiş ola bilərik. Farslardan da...

Hint-Avropa dil ailəsinin üzvü olan Fars dili ehtimalı daha böyükdür. Ruslar olsa idi, hakimiyyətində qalan digər türk dövlətlərində də bunu görməyi gözləyərdik.

Bizdəki ses uzadaraq soruşmağa oxşayan bir xüsusiyyət də Kipr türklərində var.

Onlar, deyil sözünü həm şəkilçi həm də səs uzatmaqda qullanırlar.

O, gəlir deyil. (vurğusuz, mənfi mənada işlədilən söz)
O, gəlir deeyil. (vurğulu, sual mənasında işlədilən söz)

Fikrimcə, kiprlilər də yenə Hint-Avropa dil ailəsinin üzvü olan ingilislərin hakimiyyəti zamanlarında öyrəşibdilər.

TÜRK DİLLƏRİNDƏ FƏRQLƏNMƏ NECƏ YARANDI?

Bakıda ana dilində danışan biri, İstanbuldakı, Astanadakı ya da Daşkənddəki soydaşlarıyla danışanda çətinlik çəkir. Nə baş verdi ki, araya məsafə girəndə dillərimizdə fərqlənmə yarandı?

Çoxlu cavab vermək olar. Mən bu cavablardan olan persfektiv cəhətdən danışacağam. Persfektiv, başqa sözlə, daha doğrusu ana dilimizdən bir sözlə şərh fərqi, yozum ayrılığı kimi deyilə bilər. Bunu isə hekayaləşdirərək çatdırmaq istəyirəm.

***

Zackalkanın spiçkadan əvvəl kəşf olunduğunu bilirik. Çünki zackalkanın kəşfindən bir müddət sonra od da tapılıb. İki nəsnəni (obyekti) bir-birinə sürtüb, sürtünmədən yaranan isilə od çıxarmağın daha əvvəl olduğu söylənə bilər. Lakin bu çox uzun vaxt aldığından, çaxmaq daşlarının (sileks) kəşfilə istifadəsinin daha əvvəl olduğu ağla batan fikirdir. Çaxmaq daşları, dənizlərdə əriyik halda silisium dioksitin çökəlməsilə yaranır və bir neçə rəng növü olur. Dəmirə, çəliyə sürtəndə qığılcım çıxarır.

Bu tapılış (kəşf) haqqında dədə-babalarımız o günləri nə ediblər, gəlin bunun haqqında bir ssenari yazaq:

***

Qədim dövrün bozqırlarında həyat sürən türklərdən iki qrub olub. Bunlardan biri qırmızı çadır digəri də ağ çadırdan istifadə edirmiş. Günlərdən bir gün çaxmaq daşı kəşf olunub. Faydalı olduğuna görə qısa müddət ərzində bütün cəmiyyət arasında yayılıb. Lakin buna bir ad vermələri lazım olduğu üçün ağsaqqallar toplanıb. Qırmızı çadırda yaşayanlardan söz sahibi olan ayağa durub:

- Biz bu daşları bir-birinə vurub çaxanda qığılcım çıxdı. Ona görə deyirik ki, adı çaxmaq olsun. Özü də I. Yemək Adları Qurultayında ana-bacılarımız dolma, sarma, qıyma, əzmə kimi feil köklərindən istifadə edərək yeməklərimizə ad qoymuşdular. İndi biz də çax- feilindən istifadə edərək çaxmaq sözünü irəli sürürük.

Ağ çadırlılardan biri buna etiraz edir:

- Yox! Ola bilməz. Bu daşlar istədiyimiz nəsnəni yaxmağa yarayır. Ona görə də biz istəyirik ki, yandıran olsun.

İki qrub öz arasında razılaşa bilməyib. Hərə öz təklifindən istifadə edib. Qırmızı çadırlılardan bəziləri Anadoluya köçəndə, ağ çadırlılardan bir qrub da qafqazlara gedib. İndi Türkiyədə çaxmaq olarak deyilən söz, Azərbaycanda yandıran kimi işlədilir. Beləliklə qanı bir, soyu bir olan iki xalqın bir nəsnəyə verdiyi iki ad olub.


***

Bu balaca hekayəmdə adi bir nümunə verdim. Bunu genişləndirmək olar. Biri yeni kəşf olunan nəsnəyə yeni söz uyğunlaşdıranda, digəri sözün saxlanılmasının tərəfdaşı olub. Bəzən də heç biri söz yaratmayıb ayrı-ayrı qonşulardan ayrı-ayrı sözlər alıb. Bax belə, bizi ayrı salan belə xırdalıqlar oldu.

HƏR ŞEY BİZİM OLA BİLMƏZ

Mən həmin namizədə dedim ki, o, pula sitayiş edir. Onların pul vahidi "denqi" sözü isə "tenqa" sözündən götürülüb, bu bizim sözdür, türk sözüdür... - Almazbəy Atambayev, Qırğızıstan prezidenti.

Bu sözləri, qəzetimiz Türküstanın 11 mart 2012-ci il sayının 9-cu səhifəsində görə bilərsiniz.

Böyüklər, mükafatlarından, bacarıqlarından danışar. Kiçiklər isə, böyüklərə qarşı apardıqları mücadilədən.

İndi biz hansıyıq? Böyük ya kiçik?

Bizim olmayan şeyləri öz üstümüzə götürərək nə qazanacıq? Özümüzünküləşdirmə prosesidə yox deyək.

Denqi, o cümlədən tenqa sözü bizim deyil. Dənk sözü ilə hardasa üst üstə düşməsi, onu, özümüzünkü etməz. Başqa dillərdə olan neçə söz var, bizdə də başqa məna verir. Biz də onlardanmı götürmüşük? Tutaq ki, öz sözümüzdür. Adama deməzlərmi; özünüz nəyə görə yararlanmırsınız?

Pul da para da fars dilindən sözlərdir. Bizdəki qarşılığı axçadır. Qırğızıstanda gündəlik həyatda istifadə olunur. Türkiyədə də atalar sözündə öz əksini tapır: Ak akçe kara gün içindir.


"B Harfinin 10000 Yıllık Öyküsü" adlı betiyində Doğan Çətinər mövzumuzla əlaqədər bu sözlərə çoxlu yer vermişdir: Məsələn, şou türkcədir deyir. Dahası sav ilə kökdəş, sov kökündən gelirmiş. Media sözü monqol dilindəymiş. Namaz sözü on + nam + oz imiş və türkçe kökənliymiş. Qüvvətli sözü də türkcəymiş; kökənləməsi də belə : muqavvatlı > quvvatlı > qüvvətli.

Gəlin bunlara imkan verməyək. Bu cür çalışmalar, bu cür sözlər Türklüyü yüksəltmir, əksinə ayağa salır.

BUYURUN OXUYUN!

Dildə istifadə olunan sözlərlə o dili istifadə edən millətin xarakterini təyin etmək mümkündür.

Qar ilə bağlı bizdə bir neçə söz varkən, eskimolarda hardasa 300 söz, qar növünü bildirir.

Qohumluqla bağlı ən çox söz Türk dilinə aiddir. Bu, ailə mədəniyyətinin dildə öz əksini tapmasıdır.

***

Dilimizdə elə sözlər varki, kökünü unutmuşuq amma şəkilçilə düzəldilmiş halından istifadə edirik.

alç + garu > aşqaru > aşğaru > aşağu > aşağı.

iç + gərü > içgərü > içyərü > içyəri > içəri.

Buyurmaq sözü də bunlardan hesab oluna bilər. Çünki kökü olan buy sözü, bu günləri istifadə olunmur.

Buymaq: soyuqdan donmaq, üşümək.

Buyruq: Əmr.

Buyurmaq: Əmr etmək.

***

Gaston Richard deyir: "Bu millətdə müsavat, kamalın son həddinə çatmışdır. Çünki Türklərdə pulla işləyən qulluqçu yoxdur. Dustaqları işlətməksə azdır".

***

Dildə istifadə olunan sözlərlə bir millətin xarakterini təyin etmək olar dedik. Demək başqasına iş gördürməyə pis baxan dədə-babalarımız, bu hərəkəti soyuq qarşılayıblar. Ona görə də bu feili, soyuqluq mənası verən buy sözü ilə ifadə ediblər.

DİLDƏ ÖZLƏŞMƏ BİZİ UZAQLAŞDIRIRMI?


Biz Türküstanlı türklər, bu gün Anadolu türklərinin yazdıqlarını oxuya bilmirik. Halbuki 60-cı illərdə belə Türk şairlərini tərcüməsiz oxuya bilirdik.
Məhəmməd Salih (Özbəkistanlı müxalifət öndəri)
***
Günəş parlayırdı, biz istiliyini hiss edə bilmirdik. Külək əsirdi, biz saçlarımızı dalğalandıra bilmirdik. Qar yağırdı, bir qartopu yuvarlaya bilmirdik. Yağmur yağırdı, biz altında islana bilmirdik. Yağılarımız özgürdü, biz dustaq idik.
Bir gün dustaqevinin duvarlarını uçurub qaçdıq. Günəş işığını hiss edirdik amma aydan əks olunan halını. Qaçanda gecəydi. Saçlarımız daha görkəmli dalğalanırdı, külək bir tərəfdən, bizim küləyə qaçışımız digər tərəfdən. Beləliklə, qurtulduq düşməndən.

Özgürlüyümüzə qovuşduq, bozqırda yalınayaq döyüşərək. Bir qabdan yemək yedik, yoxsulluğumuza ağlayaraq. Böyük qardaşlarımdan biri olan Qazax, o gün belə demişdi: “İnsan üç günə cəhənnəmə də öyrəşər”. Bu düşüncə digər qardaşlarımın da ağlına batdı. Beləliklə, yoxsulluqlarına öyrəşdilər. Mən buna dözə bilmədim, varlı olacağam dedim. Ona görə ayrıldım aralarından.

Çalışdım, istehsal etdim. Belə etdikdə var-dövlətim artdı. Qardaşlarım hərdənbir qonaqlığa da gəldilər. Ən kiçik qardaşım Kosovalı, mənimlə birgə yaşamağa başladı. Bu gün ən çox onunla bir yola gedə bilirəm. Ondan böyük olan qardaşım Qaqavuz da əlaqəni yaxşı saxladığına görə bizimlə bir dildə danışır. Baxma, yenə də aramızda bəzi fərqliliklər var. Digər qardaşım Azər də özünü unutdurmadı. Aramız çox yaxşıdı. Ona görə bir-birimizi başa düşə bilirik. Lakin digər qardaşlarım yoxluğa elə öyrəşdilər ki, var-dövlət olanda buna pis baxırlar. Bir gün böyük qardaşım Türküstan belə demişdi: “Biz bir qabdan yemək yeyirdik. İndi sən hərəmizə ayrı-ayrı qabda yemək verirsən. Şorbadan başqa heç nə içməzkən, indi adını bilmədiyimiz yeməklər təqdim edirsən”. Onda mənim sözüm belə olmuşdu: “Ay mənim gözəl qardaşım! Müqavimət göstərməyi burax. Var-dövlətimdən özünə pay götür. İstehsal etdiklərim sənin də hesab oluna bilər. Adını bilmirik dediklərini, adını bildiklərinlə bişirdim. Sənə necə bişirildiyini öyrədə bilərəm. Şorba ilə kifayyətləndiyimiz günlər geridə qaldı. Müstəqilliyimizin gücündən istifadə etməliyik. Mənimlə ol. Yeni yeməklər bişir”.

Anadolu türkləri adına Göybəy.

HƏYVAN ADI DÜZƏLDƏN ƏKLƏRİMİZ

Həmişə söz köklərindən yazırdım, bu dəfə de əklərimizdən (şəkilçilərimizdən) söhbət aparmaq istəyirəm.

Dilimizdə vəşhi həyvan adı düzəltmək üçün qullanılan -lan əki vardır.

pars + lan : parslan > arslan > aslan
yı + lan : yılan > ılan > ilan
kap- + lan : kaplan > qaplan (pələng)
sırt + lan : sırtlan (goreşən)

Oğuz dil grubundan olan Salur dilində, qaplan sözü qaplang kimi işlədilir. Belkə də şəkilçimiz -lan yox -lang olmalıdır.

Başqa bir həyvan adı düzəldən əkimizsə, -bağa'dır.


kur + bağa : kurbağa > qurbağa
kamlum + bağa : kaplumbağa (tısbağa, çanaqlıbağa)
tıs + bağa : tısbağa

Əkimizi bilirik ancaq qoşulduqları söz köklərinin dəqiq nə mənaya gəldiklərini bilmirik. Örnəyin qaplan sözünün qap- feilindən düzəldiyini deyə bilərik. Sırtlan sözünün də həyvanın sırtının qabarıq olmasından asılı olduğunu başa düşə bilərik. Bəs, ilan sözünün qədim formasında yı- nə deməkdir?

Bunlarla yanaşı, -bağa əki də məncə həyvanın çıxardığı səslərə qoşulub. Amma qaplamaq mənasında kaplum sözü də, həyvanın vəziyyətini bildirən sözdür. Bunu da nəzərə almaq gərəkir.

AD GÜNÜ BAŞQA DOĞUM GÜNÜ BAŞQADIR

Məktəb illərindəki Türkcə dərslərindən ağlımda qalan bir neçə hekayədən biri, bütün camaatın yeyib içdiyi vaxtda, deməli şənlik olan yerdə, boğanın biri törənin içinə girib, camaata hücum edibmiş. Orada olan balaca uşağın biri də, heç qorxmadan üstünə gələn boğanın alnına möhkəm bir yumruq vurub və yerə sərilməsinə səbəb olubmuş.

Davamı da beləydi ki, o günə kimi xüsusi adı olmayan həmin uşağa, boğayı təkcə yumruq ilə yıxdığına görə, Boğaç adı verilirdi.

Bu hekayeni belə yadımda saxlamışdım. Hərdən bir xatırlayır, özümə cəsarət verirdim. Bir vaxt sonra araşdırdım ki, Dədəm Qorxudun Boğaç Xan Dastanı imiş.

***

Bugünləri Azərbaycanda eşidirəm ki, ad günü sözü səhvdi, türkiyəlilər doğum günü deməklə, düzünü eləyirlər.

Yox, düz fikirləşmirlər. Ad günü başqa, doğum günü baş şeydi.

Ad günü, Boğaç Xan dastanında da yazıldığı kimi, uşağa xüsusi olaraq ad verilən gündü. Çünki əski gələnəklərimizə görə, doğulan uşağa o saat ad verilmirdi. Gözlənirdi ki, uşaq nəsə bir iş bacarsın, nəsə bir xüsusi qabiliyyəti olsun. Beləliklə, birinin adı tutalım ki, Güclüdür. O vaxtlar demək olardı ki, o həqiqətən də güclüdür.

***

Artıq demək olar ki, uşaq doğulan gün ad qoyuruq. Hətta ananın hamilə vaxtı ad seçirik. Mən özüm belə, bu subay halımda indidən ad seçmişəm. Oğlum olanda Yıldıray, qız olan da Bəgüm (Bəyim) qoymağı düşünürəm. Burdan belə çıxmasın ki, iki uşağım olacaq. Xanım da razılaşsa, yeddi uşağa qədər yolu var.

Qayıdaq mövzumuza... Günümüzdə uşaqlara elə-belə hər bir söz ad olaraq qoyulur. Əski gələnəyimizi itirmişik. Baxırıq adı Paşa amma özü nökər ya da adı Rənçbərdi amma özünün yaxşı mövqəyi var.


Əski gələnəyimizdəki kimi ad günü, doğum günündən fərqli olsaydı və adımız bizim bacarığımıza görə xüsusi verilsəydi, bu, doğduğumuz gündən daha önəmli həsab oluna bilər və hər il qutlanmağa dəyərdi. Amma doğulduğumuz gün, adımız da qoyulduğu üçün, ikisini bir yerdə etmək olar. Həm ad günü, həm də doğum günü deyib başa çatdırıla bilər.

Sözüm ondadı ki, ad günü ilə doğum günü bir-birindən fərqli də olsa, bugünləri ikisini bir yerdə etdiyimizdən problem yoxdu. Könül rahatlığı ilə iki sözdən də istifadə oluna bilər.

GÖYTANRI İNANCI NƏDİR?

Tanrıçılıq, Təngricilik ya da Göytanrı inancı, bütün Türk soylu xalqların qabaqçadan inandığı inamın adıdır. Animçilik, Şamançılıq, Totemçilik kimi inançların təməli həmin Göytanrı inancından yaranmışdır.

Sözün Kökəni
Təngri sözü bu gün istifadə etdiyimiz Tanrı sözünün əski formasıdır. 1893-cü ildə Orxon yazıtlarını oxuyub çözməyə çalışan Vilhelm Ludvig Peter Tomsen, ən çox istifadə edilən şəkilləri qəyd edib. Onda görüb ki, iki söz çox işlənib. Həmin iki söz üzərində odaqlanıb və axırda bu iki sözün nə mənaya gəldiklərini tapıb: Türk və Təngri. Hərfləri müəyyənləşdirdikdən sonra qalan yazıları da oxumağı bacarıb.

Bu günləri həmin sözü hələ də təngri kimi işlədən türkdillilərlə yanaşı, sözün qalın forması olan tanqrı kimi işlədənlər də vardır. Qırğız türkləri təngir deyərkən, qədim xalqlardan olan Sümərlərdə təngər kimi işlədilir idi.

Göy sözünün eləva edilməsi isə, göyün türklərdə müqəddəs, qutsal olması ilə yanaşı, göyün əlçatmaz, ucalıq mənaları da olduğundan asılıdır.

Çağımızda Göytanrıçılıq
SSRİ-nin dağılmasından sonra müstəqillik qazanan Türk xalqları, öz köklərinə, gələnəklərinə, milli dəyərlərinə qayıtmağa başladı. Bu proses 1990-cı illərdə ilkin Tataristanda, sonra da Qırğızıstanda özünü biruzə verdi.

Tatarlar, bu eyləmlərinin adını əvvəllər Bizneng Yul (Bizim Yol) adlandırsalar da, Təngirçilik (Tanrıçılıq) adı sonradan qəbul olundu. Xalq arasında günbəgün yayğınlaşan bu eyləm, həvəs olmaqdan çıxıb dövlətin dəstəklədiyi, institutlar açdığı bir duruma gəlmişdir.

Qırğızıstanda isə 1997-ci ildə paytaxt Bişkəkdə Təngriçi adlanan bir topluluq yaranmışdır. Həmin topluluğun rəsmi qəydlərə görə 500 min üzvü vardır.

Qırğızıstanda yerləşən başqa bir Göytanrıçı qurum isə Təngir Ordo (Tanrının Ordusu) -dur. Millət vəkili Dəstan Sarıgülov tərəfindən yaranmış və yenə onun tərəfindən idarə olunmaqdadır. Bu günləri Göytanrı inancı araşdırma mərkəzi kimi işləməkdədir. İstanbul universitetinin Türk Dünyası Araşdırma Mərkəzi ilə də əməkdaşlıq etməkdədir. Təngir Ordonun işləri, çox dəfə digər Türk xalqlarının mətbuatında maraq yaradaraq öz əksini tapmışdır.

Monqolistanda Golomt Center for Shamanist Studies (Golomt Şamançılıq Araşdırma Mərkəzi) Göytanrıçılıq haqda fəaliyyət göstərməkdədir. Araşdırmalarla yanaşı, Göytanrı inancını batı ölkələrinə tanıtmaq məqsədilə ingilis dilində çıxışlar da etməkdədirlər.  Prof. Dr. Şagdarin ilə  Dr. Sendencavin Dulam-ın çıxışları önəmli yer tutmaqdadır.

Saxa Türkləri, yenidən diriltdikləri Göytanrı inamını Ayy adlandırdılar.

Qırğız türkü Çoyon Ömüraliyevin yazdığı Təngirçilik adlı betiyin qapağı, kiril hərfləri ilə orxon yazıtlarındakı türk damğalarına oxşadılaraq yazılmışdır.

Türkiyədə isə millətçi kəsimdə yenidən dirilən Göytanrı inancı, günbəgün inanlarının sayındakı artımla güclənməkdədir. Özəlliklə gənclər arasında sürətlə yayıldığı bilinən bir gerçəkdir. Amma buna baxmayaraq türkiyəlilər, hələ də monqol ya da qırğızlar kimi öz qurumlarını tikə bilməyibdilər.

Göytanrı inancının çağımızda yenidən dirildiyinin ən böyük sübutlarından biri türksoylu xalqların bayraq və gərblərində yerləşən qutsal simvollardan görülə bilər. Göy rəngi və qurt simvolu xüsusilə diqqətləri cəlb etməkdədir. Həmin göy rəngi Azərbaycan bayrağında da görmək olar.

Göytanrı inancından yayınıb başqa inançları özünə doğma bilən türk xalqlarında hələ də Göytanrı inancının izlərini görmək olar. Buna örnək olaraq, ağaca çapud bağlayıb nəsə diləmək verilə bilər. Bununla yanaşı, Türkiyə Türkcəsində işlədilən Utançtan yedi kat yerin dibine girdim söyləmi də deyilə bilər.

Göytanrı İnancının Bəzi Özəllikləri
  • Tanrı birdir, ən üstün və mütləq gücdür. Hər şeyi yaradandır.
  • Göysəl, deməli kitabı-peyğəmbəri olan dinlərdən daha öncə yaranmışdır.
  • Umay, Ülgən, Erlik Xan kimi özəl tinlər (ruhlar) vardır.
  • Təbiət çox önəmlidir. Təbiətdə bir tarazlıq vardır və bu pozulduğu vaxt, insanlar və digər canlılar bundan təsirlənəcəklərdir.
  • Həyvan və bitkilərin də tinləri vardır.
  • Ulduzlar, dağlar, məşələr və irmaqlar qutsaldır.
  • Kişinin toplumdakı statusu, qadınınkından artıq deyildir.

Özəl Tinlər
Özəl olaraq yaradılmış və hərəsinin öz işi, öz görəvi olan tinlər, bu inancın ən xarekterik özəlliyidir. İnanç özümüzün olduğuna görə, həmin bu tinlərin adları da öz dilimizdən olub.

Bu siyahıda adı ən çox işlədilənlərdən söhbət aparacağam, qalanlarını maraq edənlər varsa, ən axırda verdiyim saytlara baxa bilərlər.

Qara Xan: Göyün ən yüksək qatında, qızıl bir sarayda, qızıl orunda oturur. O biri adı Qayra Xandır.
Ayzıt ya da Ayqız: Əşq, məhəbbət və ayın əfəndisidir. Göyün üçüncü qatında oturur. Qamlar alqışlarıyla onun gözelliklərindən danışar.
Gün Ana: Günəşin əfəndisidir. Günəşlə birgə göyün ən yüksək qatında oturur.
Ay Ata ya da Ay Dədə: Ayın əfəndisidir. Ay ilə birgə göyün altında qatında oturur.
Alasbatır: Əv həyvanlarının qoruyucusudur.
Ancasın: İldırımların əfəndisidir.
Su Yiyəsi: Suda yaşayan gözəl pəri qızıdır. Özünü ilana və ya quşa döndərə bilmə qabiliyyəti vardır.
Daş Qaşıt: Qismətlə bağlı işləri görən tindir.
Andarqan: Odun əfəndisidir.
Satılay: Pislik əfəndisidir. İnsanların tarazlığını pozar, yolundan çevirər və ruh xəstəlikləri getirər. Çarəsiz insanları intihar etməyə yönləndirər.
Qar Xan: Qarın, qışın əfəndisidir.
Arah, Toyar, Tarıla, Sabıray: Yerin dördüncü qatında yaşayan və insanların ruhları haqda qərarlar verən tinlərdir.
Gölpün Ata: Qoyunların qoruyucusudur.
Qambar Ata: Atların qoruyucusudur.
Ərdənay: Xəbərcidir. Tanrının insanlara bildirmək istədiyi qərarları getirən tindir.
Od Ana: Odun qoruyucusudur.
Usan Xan: Su tinlərinin əfəndisidir.
Say Xan: Elmin əfəndisidir. Kainatın bütün sirrini bilir. Elm ilə maraqlananlara ilham verir.


Tatay Xan: Fırtınaların, küləklərin əfəndisidir.
Çor: Monqol dilində Çotqor adlanır. Tarazlığını pozan, eyinsəl və ruh xəstəliklərinə yoluxduran pislik tinləridir. Bəzi Çor-lar, ölən insanların yer altı aləminin yolunu tapa bilməmiş olan Sünə tinləridir. Belə olanda bir qamın (şamanın) bu tini yenidən yola getirməsi lazımdır. Digər pislik tinləri yenidən canlandırma çembərinin dışında dayanarlar və sonsuzadək təbiətdə fırlanarlar. Qamlar, bu tinləri etkiləyib yaxşı bir yardımçı halına çevirə bilərlər.
Ozur, Ongun tinləri: Ümumiyətlə yaxşı tinlərdir amma bəzən problem də yarada bilirlər. Həmin tinlər, bəzi böyük ataların bir müddət təbiətdə fırlanan Sülhə tinləridir. Bunlar şamanların törənlərində ən önəmli yardımcı kimi özlərini göstərirlər.
Körmüz: Ölmüş şamanların tinləridir. Həmişə canlı şamanların yanında olar, onlara yol göstərib yardımcı olarlar. Bir çox şaman nəslinin təcrübəsini yiyədirlər. Yaxşı və ya pis Körmüzlər də vardır. Bununla yanaşı Körmüzlər, yeni ölən insanların tinlərinə yol göstərir və onların getməli olduqları yerə aparırlar.
Bur Xan: Çox güclüdürlər və buna görə şamanlar onlara təsir edə bilməz. Əgər bir insanı xəstə elədilərsə, şamanlar sadəcə olaraq həmin xəstəni narahat etməmələri üçün xahiş edə bilərlər. Anca çox güclü yardımcısı olan şaman Bur Xan tinini idarə edə bilər. Bu prosesdən sonra idarə olunan Bur Xan, Ongun-un içində saxlanan Ongun tininə çevrilər.
Altay Xan: Altay dağlarının əfəndisidir. Altay dağlarının zirvəsində oturur və güclü bir tindir.
Talay Xan: Okeanın əfəndisidir. (Talay sözü okean deməkdir.)
Dəmir Xan: Dəmirin gücünü əlində saxlayan tindir.
Buncaq Toyun ilə Buzul Toyun: Göy aləminin ən yüksək qatında Qara Xanın sarayına gedən yolda növbətçi kimi işləyirlər.
Umay Ana: Həyvan və insan balalarını qoruyan tindir. Altay türklərinə görə, gümüş saçları olan gözəl bir qadındır və üç dənə də boynuzu vardır.
Bay Ülgən: İnsanlara yaxşılıq etməyi sevən və göydə baş verən olayları idarə edən tindir.
Ağ Ana: Uçmağda (cənnətdə) yerləşən Süd Gölündə yaşayır. Həmin gölün əfəndisidir.
Erlik Xan ya da Yerlik Xan:  Yer altı aləminin əfəndisidir. Tanrıya qarşı gəldiyinə görə lənətlənmişdir.

***

Bu qonuda ətraflı bilgi almaq istəyənlər aşağıdakı saytlara baxa bilərlər:
www.tr.wikipedia.org/wiki/Tengricilik
www.turkmythology.blogspot.com

GÖYTÜRK ƏLİFBASI İLƏ MƏKTUB DOSTLUĞU

Göytürk əlifbası haqda araştırma aparanda birdən ağlıma gəldi ki, biz nəyə görə bu hərflərlə məktub dostluğu eləmirik? O saat internetdə çağırış elədim ki, gəlin bu hərflərlə bir-birimizə məktub yazağın. Bəziləri dedi: İnternetdən yazışırıq, nə olsun!

Amma mən istəyirdim ki, kağıza yazaq, poçta verək. Bu çağırışı edəndən sonra hardasa bir ay gözlədim. Axırda qatılmaq istəyənlərin balaca da olsa bir siyahısı yarandı və beləliklə 2010-cu ilin sonlarına doğru Göytürk əlifbası ilə səkkiz nəfərə dört səhifəlik məktublar yazdım.[1]

Türkiyənin müxtəlif şəhərlərinə gedən bu məktublar, görənlərə həvəs verdi. Belkə də mən sözü ortaya qoyanda ciddi yanaşmadılar amma konkret iş olanda qatılmaq istəyənlərin sayında artım oldu.


İndi də istəyirəm ki, həmin dostluğu Azərbaycanda da başladım. Gəlin məktub dostu olaq. Göytürk əlifbası ilə yazışaq.

Nə bilirsənizsə yazın. Təkcə şeir də yaza bilərsəniz, gülməli bir latifə də, təki yazın.

Kağıza yazılmasını ona görə istəyirəm ki, sözü gedən hərflərin gündəlik, daha doğrusu çağdaş həyatdakı problemləri üzə çıxacaqdır. Biz də bu problemlərə görə uyğunlaşdırma prosesini sürətləndirə biləcəyik. Bununla yanaşı, əl yazma qabiliyyətimiz artacaq, oxumamız sürətlənəcəkdir. Əlbəttə, nostalji də olacaqdır.

Yazışmağa qatılmaq istəyənlər aşağıda ünvanı yazılı olan Türküstan qəzetinin ofisinə məktublarına göndərə bilərlər. Hərfləri bilməyən amma maraq edənlər varsa, cavab gözləmədən tək tərəfli olaraq məktub yazıb göndərə bilərəm. Bunun üçün ünvanınızı bildirən məktubu yenə qəzetimizin ünvanına yazmalısınız. İmkanı olan elektronik poçtuma da yaza bilər.

Türküstan qəzetinin ünvanı: Bakı Şəhəri, Azadlıq Prospekti 35, mənzil 13

dipçe:                               
[1] http://kokturukce.blogspot.com/2011/02/gokturkce-betikler-gonderiye-verildi.html