SAAT QIRXIN YARISIDI!

2009-cu ildə ilk dəfə idi ki öz başıma başqa bir ölkəyə gedirdim. Bu yeni ölkə mənə yad deyil idi. Elə bil atamın evindən çıxıb əmimin evinə qonaqlığa gedirdim.

İgdırın Dilucu sərhət qapısından keçəndən sonra artıq əmimin evində deməli Naxçıvanda idim. Avtobusdan düşəndən sonra bir taksi tuttum və avtovağzala getdik. Bakı üçün bilet tapa bilmədim. Məcbur qaldım ki gecəni Naxçıvanda keçirim. Biraz axtarışdan sonra özümə ucuz bir otel taptım. Mığmığların ucbatından gecə düzgün yata bilmədim. Səhər təzdən durub vağzala getdim. Elə 10 saniyyə gec qalsaydım yenə bilet tapa bilməyəcəkdim. Axırıncı bileti də mən alandan sonra yola düşdük. Yanımda kök və qoca bir qadın vardı. Əlimdəki Türkiyə pasportunu görəndə mənlə içtən, səmimi bir söhbət apardı. Belə danışa danışa sərhətə kimi gəldik. Birazdan İranda olacaqdıq.

Öz əşyalarımla yanaşı həmin qoca qadınınkıları da gömrükdən keçirtdim. Mənə razılığını bildirdi. Ancaq bir sorun vardı, mənim pasportumu möhürləmirdilər. Həmişə dala atırdılar. Axırda hamınınkı qutardı, gedib avtobusa eyləşdilər, mən qaldım. Məmur qız, "İndi möhür vursam təzədən Azərbayacana giriş edə bilməyəcək, İran tərəfdə sorun yaşayacaqsan" dedi. Mən yazıq, əşyalarım İranda özüm Azərbaycanda qaldım. "Onda eşyalarımı qaytarsınlar" dedimsə də havaya danışdım. Başqa bir məmur gəldi viza sorunu üçün məni bir yerə apardı. "Pulunu ver, həll olunar" dedi. Yanına getdiyimiz adam yuxudan təzə durmuş vəziyyətdə pasportuma elə belə baxdı, "Niyə düz iş görmürsən, işinin dalında ol dəə" deyib gəri qayıtdı. Mən elə bilirdim ki, o biri məmurun sözünü elədiyi pulu, iş görüləndən sonra dövlət haqqına verəcəyəm. Hardan bilim hörmət pulu imiş!

Avtobus getmişdi, mən də eləcə qalmışdım. Qara qara düşünəndə məmura "indi nə olacaq?" deyə soruşdum. Uçaqla gedə bilərsən dedi. Ardınca avtobusun nömrəsini də verdi ki Bakıya gedəndə tapa bilim.

Bir taksi tuttum və hava limanına aparmasını istədim. Yolda gedəndə sürücü birdən maşının sürətini azaltdı. Yolda çəmbər içində 60 yazdığına görə sürətini də elə o saya endirdi. "Abicim, dağın başındayız. Kim görecek ki bizi?" deyə çaşqınlığımı bildirdim. Heç nə demədi. Biraz gedəndən sonra dağ dediyim yerdəki kameraları görsətdi və onda başa düşdüm ki burda qayda-qanun xalq üstündə yaman təsir edir.

Hava limanına çatdıq. Bilet satılan yerə yaxınlaşdım. Yerlilərə 40 manat, xarici vətəndaşlara 90 manat olan bilet mənə 100 manata satıldı. Bir də üstünə xidmət bədəli olaraq 5 manat istəndi, onu da verdim.

Ardınca uçağın saat nəçədə qalxacağını soruşanda "4-ün yarısı" dedi. İlk dəfə belə bir söz eşitdiyimə görə çox qəribə gəldi. Düzdür, istifadə etdiyi sözlərin hamısı Türkiyədə də işlənir amma belə ifadəni ilk dəfə eşidirdim. Ona görə çaşdım qaldım. Məmur başını önə eyib bilet yazmaqla məşğul olanda əlimi açdım, baş barmağımı qatlayıb 4 barmağımı önə saldım. Sonra ikisini bir tərəfə, o bir ikisini digər tərəfə ayırdım və gördüm ki 4-ün yarısı 2 eləyir. Ay Allah! Bu nə demək istədi? 2 demək varkən niyə uzun uzun 4-ün yarısı dedi? Nəysə demək burda belə də deyirlər. Saat 2-yə kimi gözləyərəm mən də...

Bileti əlimə alanda gördüm ki 90 manat alındı yazır. Pulumun üstünü qaytarmasını istədim. "Yoxdur!" deyəndə gədib polisə şikayət etdim. "Düz eləyir" deyə yanıt alandan sonra başımı qabağıma saldım. Getdim gözləmə yerində eyleşdim, vaxtımın çatmasını gözlədim.


Səssiz səssiz eyləşib ora bura göz gəzdirəndə biri yanaşdı və mənlə birgə yanımda eyləşən gənc oğlana "çay içmək olaar?" deyə soruşdu. Həm mən həm də yanımdakı gənc "Ola bilər" dedik və getdik çay içməyə. Adamın üzünə baxanda elə bilirsən fəhlədi, elə belə heç nədən xəbəri olmayan bir kişidir. Danışıq irəlilədi, Türk yazarlardan söz etməyə başladı. Adını eşitdiyim amma bir dəfə olsun oxumadığım yazarların kitablarından sözlər deməyə başladı və hərdən bir "bax bu da belə demişdi" deyəndə, mən də yalandan başımı sallayır, təsdiq edirdim. Axırda "ay əmi, sənin məsləyin nədir?" deyə soruşdum, "dülgərəm" deyə qarşılıq verdi. Öz özümə dedim: "Azərbaycanın dülgəri belədirsə professoru necədir?"

Saat 2 olanda camaat birdən ayaqlandı. Əşyaların nəzərdən keçirildiyi yerdə yığışmağa başladılar. Mən də getdim. Növbə mənə gələndə polis, "tələsmə, sənin uçağın gələn dəfədi" dedi və pasportumu gəri qayıtdı. Getdim həmin yerimə eyləşdim.

İndi belə fikirləşirəm ki, uçağım gecikibdi. Saat 2:30-da bu uçaq yola düşdü. Yarım saat ötən kimi deməli 3-də yenə yığışmalar başladı. Artıq qəti qərara gəlmişdim ki uçağım gec qalıbdı. Yarım saatadək əşyalar və pasportlar nəzərdən gecirildi və axırda uçaq saat 3:30-da yola düşdü. Deməli 4-ün yarısında amma mən hələ də elə bilirəm ki uçaq 2-də qalxmalı idi.

Axırda Bakı-ya çatdım. Avtovağzala getdim və avtobusumun gəlməsini gözlədim. Ancaq qorxurdum ki əşyalarıma yiyəsiz qaldığına görə İran polisləri tərəfindən əl qoyulsun.

Axşama doğru biri yaxınlaşdı, saatı soruşdu. Cib telefonumu çıxardım, saat 20:00 idi. Birdən hava limanındakı adamın sözləri yadıma gəldi, qoy bunlar kimi danışım dedim və adama "saat qırxın yarısıdı" dedim. Adam çaşdı, heç nə demədən getdi.

Gecəyə doğru avtobusumu taptım. Əşyalarımı sağ salamat getirmişdilər. Sürücü: "Sən gəlməsəydin əşyalarını evə aparacaqdım və sənin gəlməyini gözləyəcəkdim" dedi. "Bəs İranlılar yaxşı ki heç nə demədilər" deyə soruşanda "yanında oturan qadın əşyalarına sahib çıxdı" dedi.

Bir beləcə köməyimə görə o qoca qadın öz əşyaları ilə yanaşı mənimkilərə də yiyə olmuşdu. Üç gömrük qapısında nə çətinliklərlə onları daşıyıb, nəzərdən keçirtmişdi, bax bunu ancaq Tanrı bilər. Həmin qadının adını bilmirəm, haralı ya da nəçə yaşı olduğunu da... Yalnızca onu bilirəm ki Azərbaycanlıydı və kömək etməyi sevən, yardımsevər biriydi. Onunla halallaşamadım ancaq hərdən ürəyimdən keçəndə ya da bu olayı kiməsə danışanda adını çekirəm, Tanrıdan ondan razı olmasını diləyirəm. Tanrı köməkçisi olsun.

Hiç yorum yok:

Yorum Gönder