DİLDƏ ÖZLƏŞMƏ BİZİ UZAQLAŞDIRIRMI?


Biz Türküstanlı türklər, bu gün Anadolu türklərinin yazdıqlarını oxuya bilmirik. Halbuki 60-cı illərdə belə Türk şairlərini tərcüməsiz oxuya bilirdik.
Məhəmməd Salih (Özbəkistanlı müxalifət öndəri)
***
Günəş parlayırdı, biz istiliyini hiss edə bilmirdik. Külək əsirdi, biz saçlarımızı dalğalandıra bilmirdik. Qar yağırdı, bir qartopu yuvarlaya bilmirdik. Yağmur yağırdı, biz altında islana bilmirdik. Yağılarımız özgürdü, biz dustaq idik.
Bir gün dustaqevinin duvarlarını uçurub qaçdıq. Günəş işığını hiss edirdik amma aydan əks olunan halını. Qaçanda gecəydi. Saçlarımız daha görkəmli dalğalanırdı, külək bir tərəfdən, bizim küləyə qaçışımız digər tərəfdən. Beləliklə, qurtulduq düşməndən.

Özgürlüyümüzə qovuşduq, bozqırda yalınayaq döyüşərək. Bir qabdan yemək yedik, yoxsulluğumuza ağlayaraq. Böyük qardaşlarımdan biri olan Qazax, o gün belə demişdi: “İnsan üç günə cəhənnəmə də öyrəşər”. Bu düşüncə digər qardaşlarımın da ağlına batdı. Beləliklə, yoxsulluqlarına öyrəşdilər. Mən buna dözə bilmədim, varlı olacağam dedim. Ona görə ayrıldım aralarından.

Çalışdım, istehsal etdim. Belə etdikdə var-dövlətim artdı. Qardaşlarım hərdənbir qonaqlığa da gəldilər. Ən kiçik qardaşım Kosovalı, mənimlə birgə yaşamağa başladı. Bu gün ən çox onunla bir yola gedə bilirəm. Ondan böyük olan qardaşım Qaqavuz da əlaqəni yaxşı saxladığına görə bizimlə bir dildə danışır. Baxma, yenə də aramızda bəzi fərqliliklər var. Digər qardaşım Azər də özünü unutdurmadı. Aramız çox yaxşıdı. Ona görə bir-birimizi başa düşə bilirik. Lakin digər qardaşlarım yoxluğa elə öyrəşdilər ki, var-dövlət olanda buna pis baxırlar. Bir gün böyük qardaşım Türküstan belə demişdi: “Biz bir qabdan yemək yeyirdik. İndi sən hərəmizə ayrı-ayrı qabda yemək verirsən. Şorbadan başqa heç nə içməzkən, indi adını bilmədiyimiz yeməklər təqdim edirsən”. Onda mənim sözüm belə olmuşdu: “Ay mənim gözəl qardaşım! Müqavimət göstərməyi burax. Var-dövlətimdən özünə pay götür. İstehsal etdiklərim sənin də hesab oluna bilər. Adını bilmirik dediklərini, adını bildiklərinlə bişirdim. Sənə necə bişirildiyini öyrədə bilərəm. Şorba ilə kifayyətləndiyimiz günlər geridə qaldı. Müstəqilliyimizin gücündən istifadə etməliyik. Mənimlə ol. Yeni yeməklər bişir”.

Anadolu türkləri adına Göybəy.

Hiç yorum yok:

Yorum Gönder