AD GÜNÜ BAŞQA DOĞUM GÜNÜ BAŞQADIR

Məktəb illərindəki Türkcə dərslərindən ağlımda qalan bir neçə hekayədən biri, bütün camaatın yeyib içdiyi vaxtda, deməli şənlik olan yerdə, boğanın biri törənin içinə girib, camaata hücum edibmiş. Orada olan balaca uşağın biri də, heç qorxmadan üstünə gələn boğanın alnına möhkəm bir yumruq vurub və yerə sərilməsinə səbəb olubmuş.

Davamı da beləydi ki, o günə kimi xüsusi adı olmayan həmin uşağa, boğayı təkcə yumruq ilə yıxdığına görə, Boğaç adı verilirdi.

Bu hekayeni belə yadımda saxlamışdım. Hərdən bir xatırlayır, özümə cəsarət verirdim. Bir vaxt sonra araşdırdım ki, Dədəm Qorxudun Boğaç Xan Dastanı imiş.

***

Bugünləri Azərbaycanda eşidirəm ki, ad günü sözü səhvdi, türkiyəlilər doğum günü deməklə, düzünü eləyirlər.

Yox, düz fikirləşmirlər. Ad günü başqa, doğum günü baş şeydi.

Ad günü, Boğaç Xan dastanında da yazıldığı kimi, uşağa xüsusi olaraq ad verilən gündü. Çünki əski gələnəklərimizə görə, doğulan uşağa o saat ad verilmirdi. Gözlənirdi ki, uşaq nəsə bir iş bacarsın, nəsə bir xüsusi qabiliyyəti olsun. Beləliklə, birinin adı tutalım ki, Güclüdür. O vaxtlar demək olardı ki, o həqiqətən də güclüdür.

***

Artıq demək olar ki, uşaq doğulan gün ad qoyuruq. Hətta ananın hamilə vaxtı ad seçirik. Mən özüm belə, bu subay halımda indidən ad seçmişəm. Oğlum olanda Yıldıray, qız olan da Bəgüm (Bəyim) qoymağı düşünürəm. Burdan belə çıxmasın ki, iki uşağım olacaq. Xanım da razılaşsa, yeddi uşağa qədər yolu var.

Qayıdaq mövzumuza... Günümüzdə uşaqlara elə-belə hər bir söz ad olaraq qoyulur. Əski gələnəyimizi itirmişik. Baxırıq adı Paşa amma özü nökər ya da adı Rənçbərdi amma özünün yaxşı mövqəyi var.


Əski gələnəyimizdəki kimi ad günü, doğum günündən fərqli olsaydı və adımız bizim bacarığımıza görə xüsusi verilsəydi, bu, doğduğumuz gündən daha önəmli həsab oluna bilər və hər il qutlanmağa dəyərdi. Amma doğulduğumuz gün, adımız da qoyulduğu üçün, ikisini bir yerdə etmək olar. Həm ad günü, həm də doğum günü deyib başa çatdırıla bilər.

Sözüm ondadı ki, ad günü ilə doğum günü bir-birindən fərqli də olsa, bugünləri ikisini bir yerdə etdiyimizdən problem yoxdu. Könül rahatlığı ilə iki sözdən də istifadə oluna bilər.

Hiç yorum yok:

Yorum Gönder