azərbaycan etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
azərbaycan etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

AZƏRBAYCANIN ŞİZOFRENİK PARANOYAK KİTABÇILARI


Adım Göybəy Uluç. Hələki Orxan Pambıq kimi Nobel mükafatı almamışam və Əlif Şəfəq kimi də məşhur deyiləm. Amma yenə də mən də bir yazıçıyam. Çap olunmuş kitablarım və öz oxucu kütləm var. Bunları, haqqımda az da olsa məlumatınız olsun deyə yazdım.

Demək olar ki, Azərbaycanda 5 ildən artıqdı yaşayıram. Bu da, yaşadığım bu mühit haqqında kifayyət qədər məlumatım və o cümlədən təcrübəm olduğunu göstərir. Amma buna baxmayaraq başa düşmədiyim bir mövzu var idi, nə üçün kitablar az oxunur? Bizdə bir söz var, dinimə söyən müsəlman olsa... Mənim ölkəmdə də kitab oxuyan nəfər sayısı azdı amma Azərbaycanda bu dəhşət vəziyyətdədi. Bunu başa düşmürdüm. Hərdən bir görürdüm, kitabxanasında özü də şəxsi kitabxanasında minlərlə kitabı olan və hammısını oxuyan oxucular da var. Köhnə kitabların tirajları 10 min, 50 min... İndikilər 200 dənə, 300 dənə... Yazıb artıqmaq olar.

İndi başa düşürəm! Bu gün yaşadığım təcrübədən sonra artıq bunu başa düşürəm.

***

Demək olar ki son 1 ildi Bakıda Göytürk dilində kurslar təşkil edirəm. Bu kurslarda qədim Orxon
Yenisey abidələrində işlədilən əlifbanı, dövrün dilini və tarixini danışıram. Maraq və tələb çox olduğuna görə indiyə kimi 3 dəfə kurs təşkil etdim. Kursu bitirib sertifikat alan tələbələrdən bəziləri bununla kifayyətlənmədi və davam etmək, daha irəli səviyyəyə getmək istədiklərini bildirdilər. Onda biz də bir qrub yaratdıq: Tərcümə Qrupu. Deməli bu qrup qədim dilimizdə yazılan mətnləri çağdaş Azərbaycan dilinə tərcümə işləri ilə maraqlanacaq idi. Maraqlandı, bacardı da!

Hal-hazırda IX əsrdə yazılmış qədim Uyğur dilində olan Irk Bitigi, Azərbaycan türkcəsində tərcümə etdik və çapa vərib nəşr etdirdik. Irk Bitig, Orxon Yenisey hərfləri (damğaları) ilə kağıza yazılmış və mövcudluğunu bildiyimiz yeganə kitabdır. Bu cəhətdən önəmlidir. İndiyə kimi bir çox araşdırmacı bunun haqqında kitab yazıb amma Azərbaycanda ayrıca bir kitab formasında ilk dəfədir buraxılır. 90-cı illərdə Əlisa Şükürlü, Rəcəbov kimi ziyalıların kitablarında özündən söz etdirse də, hər bir hissənin ayrılıqda araşdırılması və haqqında yazı yazılması birinci dəfədir bizim tərəfimizdən edildi.

***

Türkiyədə mən sadəcə olaraq kitabımı yazmaqla maraqlanıram. Burda dağıdılması, paylanması və satışının izlənməsi də yazıçının boynundadı. Ona görə mən də bu gün, yanıma bir dostumu alaraq kitabçıları, kitab evlərini bir-bir dolaşdım. Salam! Satışa kitab buraxmaq istəyirdik sözü ilə giriş edir, kitab haqqında ümumi məlumat verirdim. Məsul şəxslər də əllərinə alır, bir o yana, bir bu yana vərəqləyib tez qayıdırdılar. Hərəsi bir söz dedi.

+ Biz kitab götürmürük. Belə bir kitabı götürə bilmərik.
- Onsuz da heç kim alası deyil.

+ Biz sentyabra kimi kitab götürməmə qərarı almışıq.
- Onda sentyabrın neçəsi gəlim?
+ (Üzümə baxır bir müddət) Hımmm... Yəqin 1-indən başlayar...

+ Bu nədi belə?
- Dilçilik ilə bağlı bir kitabdı. Qədim Uyğur dilinin tərcüməsidi.
+ Bu samizdata oxşayır. Mən bunu götürə bilmərəm.
- Sadəcə olaraq dildən bəhs edir.
+ (Barmağı ilə orijinal mətni göstərir) Sabahları dövlət tərəfindən soruşsalar ki bu nə cümlədi, mən hardan bilim?

***

Artıq deyə bilərəm ki, Azərbaycanın oxucu problemi olduğu kimi, bir də satıcı problemi var. Mən, bu boyda Bakıda cəmi iki kitabçıya kitab verə bildim. 4 milyon əhalisi olan şəhərdə, kitab evlərinə cəmi 10 kitab paylaya bildim. Hərflərlə yazıram: ON.

ÖZGƏ BİR DİLİ ÖYRƏNMƏK, LƏHÇƏ ÖYRƏNMƏKDƏN ASANDIR

Xaricdə təhsil almağı düşünən türkiyəli tələbələr, seçimlərini Türk soylu ölkələrdən yana edəndə, ümumi olaraq belə qərara gəlirlər:
Gedəcəkləri yerdə danışılan dil, Türkiyə Türkcəsinə çox yaxın olacaq və dolayısı ilə çətinlik çəkilməyəcək.
Bu düşüncədə olanlarınsa, birinci seçdikləri ölkə Azərbaycan olur.

***

Çox rahat deyə və yaza bilərəm ki, özgə bir dili öyrənmək, ləhçə öyrənməkdən daha asandır. Tam tərsinin olmasını gözləyirik amma, həqiqətdə bu belədir.

Mən, ləhçə deyəndə rayondan rayona deyil, ölkədən ölkəyə fərqlənən dilimizdən söhbət aparıram. Bəzi dilçilər Türk dilləri adlandırsa da, mən özbəklərin danışığını Türk ləhçəsi kimi hesab edirəm.

Azərbaycanlılar, əvvəl türkiyəlilərin sürətli danışdığını deyirlər. Elə eyni sözü də türkiyəlilər azərbaycanlılara deyir. İkisi birdən türkmənlərə `çox pəltək danışırsınız` deyir. Üçü birdən özbəklərə `səsi çox yuvarlayırsınız` sözünü işlətməkdə geri qalmırlar.

Yazıb artıqmaq olar amma, onu demək istəyirəm ki, sözlərimiz bir olsa da, intonasiyadakı fərqlənmədən ötrü, bir-birimizi bəyənmirik. Elə həqiqətən bəyənmirik. Dil mövzusunda elmiliyi yox, duyğusallığı seçirik.

Özgə dillərin özünə aid qayda-qanunları olur. Amma bu sözü, ləhçələrdə işlətmək olmur. Qaydalar olduğu kimi eynidir. Özbək türkcəsindəki hansı qanun, Azərbaycan türkcəsindən fərqlənir?

Azərbaycandakı türkiyəlilərin Azərbaycan türkcəsi danışmasından, Türkiyədəki azərbaycanlıların Türkiyə türkcəsində danışmasından, İrandakı türklərin İstanbul türkcəsi danışmasından, ya da özbəkistanlıların Türkmən türkcəsində danışmasında yaranan fərqli intonasiyadan qıraq, öz ləhçələrindəki sözləri də cümlələrinə qoşmalarından, həmin çətinliyi başa düşmək o qədər də çətin deyildir.
başa düşüyorum
abi, kırakta saklar mısın?
haraya gidiyoz
Belə cümlələri artıqmaq olar. Həm türkiyəlilər üçün, həm də azərbaycanlı türklər üçün.

Diqqətinizi cəlb etmək istədiyim şey, söz köklərinin dəyişdirildiyi, əklərin (şəkilçilərinsə) dəyişdirilmədiyidir. `Başa düşmək` felini olduğu kimi istifadə edir amma, indiki zaman şəkilçinə gələndə, öz ləhçəsindən istifadə edir. Bu, başqa ləhçədən istifadə etmək istəyən hər bir danışan üçün keçərlidir. Onda belə çıxır ki, əklərə olan münasibət ilə, sözlərə olan münasibət tamam başqadı. Və axırda bu qərara gəlinir ki, özgə bir dili öyrənmək, ləhçə öyrənməkdən daha asandır.

HAMI YAZIÇIDI BƏS OXUCU KİMDİ?

O vaxtları Bakıya gəlmək üçün Naxçıvan hava limanında növbə gözləyirdim. Səssiz səssiz eyləşib ora bura göz gəzdirəndə biri yanaşdı və mənlə birgə yanımda eyləşən gənc oğlana "çay içmək olaar?" deyə soruşdu. Həm mən həm də yanımdakı gənc "Ola bilər" dedik və getdik çay içməyə. Adamın üzünə baxanda elə bilirsən fəhlədi, elə belə heç nədən xəbəri olmayan bir kişidir. Danışıq irəlilədi, Türk yazarlardan söz etməyə başladı. Adını eşitdiyim amma bir dəfə olsun oxumadığım yazarların kitablarından sözlər deməyə başladı və hərdən bir "bax bu da belə demişdi" deyəndə, mən də yalandan başımı sallayır, təsdiq edirdim. Axırda "ay əmi, sənin məsləyin nədir?" deyə soruşdum, "dülgərəm" deyə qarşılıq verdi. Öz özümə dedim: "Azərbaycanın dülgəri belədirsə professoru necədir?"


Bakıya çattım, aradan iki il ötdü ancaq gözlədiyim kimi olmadı. Biz, Türkiyədə elə bilirdik ki, Azərbaycanda hamı oxuçudur. Yeddi yaşlı uşaqdan tutmuş yetmiş yaşlı qocaya kimi. Deyirdilər, Azərbaycanın oxuma-yazma oranı %99,5 dir. Bu da Türkiyədən hardasa %10 çoxdur. Sovet ölkələri arasında da ən çox oran yenə Azərbaycanda imiş. Düzdür, hamı oxuma bilir amma oxumur.

Qocaların əlində kitab görə bilərsiniz, Sovetlərdən qalma olduqları üçün hələ də oxuma alışqanlıqlarını tərgidə bilməyibdilər ancaq gənclər də bu söhbət yoxdur. Onlar yalnızca dərsliklərlə maraqlanırlar. Düzü, heç əməlli başlı onlarla da maraqlanmırlar.

Hərf dəvrimi olandan sonra kiril əlifbası yerinə latin qrafikasına keçildi və beləliklə ədəbiyyat sıfırdan başlamalı oldu, latin ilə yazılmış ədəbiyyatların sayı da kifayyet qədər həsab olunmaz. Bundan ötrü hamının əlində orası burası yırtıq, cırıq cırıq olmuş, nəsə bir şeylə yapışdırılmış 20, 30 hətta 50, 60 yaşlı kitabları görmək mümkündür.


Onu da demək istəyirəm ki, kitabların tirajları qorxulu durumdadır. Ən gözdə, ən önəmli yazarların kitabları belə çap olunarkən 500-1000 tirajla nəşrə girir. Halbuki 1955 ilində çap olunmuş bir betiyin dalında 50.000 ədəd çap olunduğunu görmüşdüm.

Bunlarla yanaşı diqqəti cəlb edən bir xüsus da, Azərbaycanda çoxlu yazar-şair olmağıdır. Hərənin öz kitabı var, hərənin yazdığı şeirlər toplusu var. Hamı da dediyim kimi, 300-500 tirajla çap olunur. Demək olar ki Azərbaycanda hamı yazıçıdı, bəs onda oxuçu kimdir?

Qəzetlər 2000 tirajla çıxır, dərgilər də kitablar kimi qorxulu durumdadır. Kitab satan dükanların sayını əllə saymaq olar. Mən gerçəkdən də maraqlanıram, camaat nəyə görə oxumur? Yoo, pul söhbəti deyil! Elə olsaydı, Aqşin Yeniseyin dediyi kimi, Azərbaycanın ən böyük zavodları olan, həmişə ər-arvad istehsal edən şadlıq sarayları boş olardı. Bəs onda nə?