azərbaycan dili etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
azərbaycan dili etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

AZƏRBAYCANIN ŞİZOFRENİK PARANOYAK KİTABÇILARI


Adım Göybəy Uluç. Hələki Orxan Pambıq kimi Nobel mükafatı almamışam və Əlif Şəfəq kimi də məşhur deyiləm. Amma yenə də mən də bir yazıçıyam. Çap olunmuş kitablarım və öz oxucu kütləm var. Bunları, haqqımda az da olsa məlumatınız olsun deyə yazdım.

Demək olar ki, Azərbaycanda 5 ildən artıqdı yaşayıram. Bu da, yaşadığım bu mühit haqqında kifayyət qədər məlumatım və o cümlədən təcrübəm olduğunu göstərir. Amma buna baxmayaraq başa düşmədiyim bir mövzu var idi, nə üçün kitablar az oxunur? Bizdə bir söz var, dinimə söyən müsəlman olsa... Mənim ölkəmdə də kitab oxuyan nəfər sayısı azdı amma Azərbaycanda bu dəhşət vəziyyətdədi. Bunu başa düşmürdüm. Hərdən bir görürdüm, kitabxanasında özü də şəxsi kitabxanasında minlərlə kitabı olan və hammısını oxuyan oxucular da var. Köhnə kitabların tirajları 10 min, 50 min... İndikilər 200 dənə, 300 dənə... Yazıb artıqmaq olar.

İndi başa düşürəm! Bu gün yaşadığım təcrübədən sonra artıq bunu başa düşürəm.

***

Demək olar ki son 1 ildi Bakıda Göytürk dilində kurslar təşkil edirəm. Bu kurslarda qədim Orxon
Yenisey abidələrində işlədilən əlifbanı, dövrün dilini və tarixini danışıram. Maraq və tələb çox olduğuna görə indiyə kimi 3 dəfə kurs təşkil etdim. Kursu bitirib sertifikat alan tələbələrdən bəziləri bununla kifayyətlənmədi və davam etmək, daha irəli səviyyəyə getmək istədiklərini bildirdilər. Onda biz də bir qrub yaratdıq: Tərcümə Qrupu. Deməli bu qrup qədim dilimizdə yazılan mətnləri çağdaş Azərbaycan dilinə tərcümə işləri ilə maraqlanacaq idi. Maraqlandı, bacardı da!

Hal-hazırda IX əsrdə yazılmış qədim Uyğur dilində olan Irk Bitigi, Azərbaycan türkcəsində tərcümə etdik və çapa vərib nəşr etdirdik. Irk Bitig, Orxon Yenisey hərfləri (damğaları) ilə kağıza yazılmış və mövcudluğunu bildiyimiz yeganə kitabdır. Bu cəhətdən önəmlidir. İndiyə kimi bir çox araşdırmacı bunun haqqında kitab yazıb amma Azərbaycanda ayrıca bir kitab formasında ilk dəfədir buraxılır. 90-cı illərdə Əlisa Şükürlü, Rəcəbov kimi ziyalıların kitablarında özündən söz etdirse də, hər bir hissənin ayrılıqda araşdırılması və haqqında yazı yazılması birinci dəfədir bizim tərəfimizdən edildi.

***

Türkiyədə mən sadəcə olaraq kitabımı yazmaqla maraqlanıram. Burda dağıdılması, paylanması və satışının izlənməsi də yazıçının boynundadı. Ona görə mən də bu gün, yanıma bir dostumu alaraq kitabçıları, kitab evlərini bir-bir dolaşdım. Salam! Satışa kitab buraxmaq istəyirdik sözü ilə giriş edir, kitab haqqında ümumi məlumat verirdim. Məsul şəxslər də əllərinə alır, bir o yana, bir bu yana vərəqləyib tez qayıdırdılar. Hərəsi bir söz dedi.

+ Biz kitab götürmürük. Belə bir kitabı götürə bilmərik.
- Onsuz da heç kim alası deyil.

+ Biz sentyabra kimi kitab götürməmə qərarı almışıq.
- Onda sentyabrın neçəsi gəlim?
+ (Üzümə baxır bir müddət) Hımmm... Yəqin 1-indən başlayar...

+ Bu nədi belə?
- Dilçilik ilə bağlı bir kitabdı. Qədim Uyğur dilinin tərcüməsidi.
+ Bu samizdata oxşayır. Mən bunu götürə bilmərəm.
- Sadəcə olaraq dildən bəhs edir.
+ (Barmağı ilə orijinal mətni göstərir) Sabahları dövlət tərəfindən soruşsalar ki bu nə cümlədi, mən hardan bilim?

***

Artıq deyə bilərəm ki, Azərbaycanın oxucu problemi olduğu kimi, bir də satıcı problemi var. Mən, bu boyda Bakıda cəmi iki kitabçıya kitab verə bildim. 4 milyon əhalisi olan şəhərdə, kitab evlərinə cəmi 10 kitab paylaya bildim. Hərflərlə yazıram: ON.

ÖZGƏ BİR DİLİ ÖYRƏNMƏK, LƏHÇƏ ÖYRƏNMƏKDƏN ASANDIR

Xaricdə təhsil almağı düşünən türkiyəli tələbələr, seçimlərini Türk soylu ölkələrdən yana edəndə, ümumi olaraq belə qərara gəlirlər:
Gedəcəkləri yerdə danışılan dil, Türkiyə Türkcəsinə çox yaxın olacaq və dolayısı ilə çətinlik çəkilməyəcək.
Bu düşüncədə olanlarınsa, birinci seçdikləri ölkə Azərbaycan olur.

***

Çox rahat deyə və yaza bilərəm ki, özgə bir dili öyrənmək, ləhçə öyrənməkdən daha asandır. Tam tərsinin olmasını gözləyirik amma, həqiqətdə bu belədir.

Mən, ləhçə deyəndə rayondan rayona deyil, ölkədən ölkəyə fərqlənən dilimizdən söhbət aparıram. Bəzi dilçilər Türk dilləri adlandırsa da, mən özbəklərin danışığını Türk ləhçəsi kimi hesab edirəm.

Azərbaycanlılar, əvvəl türkiyəlilərin sürətli danışdığını deyirlər. Elə eyni sözü də türkiyəlilər azərbaycanlılara deyir. İkisi birdən türkmənlərə `çox pəltək danışırsınız` deyir. Üçü birdən özbəklərə `səsi çox yuvarlayırsınız` sözünü işlətməkdə geri qalmırlar.

Yazıb artıqmaq olar amma, onu demək istəyirəm ki, sözlərimiz bir olsa da, intonasiyadakı fərqlənmədən ötrü, bir-birimizi bəyənmirik. Elə həqiqətən bəyənmirik. Dil mövzusunda elmiliyi yox, duyğusallığı seçirik.

Özgə dillərin özünə aid qayda-qanunları olur. Amma bu sözü, ləhçələrdə işlətmək olmur. Qaydalar olduğu kimi eynidir. Özbək türkcəsindəki hansı qanun, Azərbaycan türkcəsindən fərqlənir?

Azərbaycandakı türkiyəlilərin Azərbaycan türkcəsi danışmasından, Türkiyədəki azərbaycanlıların Türkiyə türkcəsində danışmasından, İrandakı türklərin İstanbul türkcəsi danışmasından, ya da özbəkistanlıların Türkmən türkcəsində danışmasında yaranan fərqli intonasiyadan qıraq, öz ləhçələrindəki sözləri də cümlələrinə qoşmalarından, həmin çətinliyi başa düşmək o qədər də çətin deyildir.
başa düşüyorum
abi, kırakta saklar mısın?
haraya gidiyoz
Belə cümlələri artıqmaq olar. Həm türkiyəlilər üçün, həm də azərbaycanlı türklər üçün.

Diqqətinizi cəlb etmək istədiyim şey, söz köklərinin dəyişdirildiyi, əklərin (şəkilçilərinsə) dəyişdirilmədiyidir. `Başa düşmək` felini olduğu kimi istifadə edir amma, indiki zaman şəkilçinə gələndə, öz ləhçəsindən istifadə edir. Bu, başqa ləhçədən istifadə etmək istəyən hər bir danışan üçün keçərlidir. Onda belə çıxır ki, əklərə olan münasibət ilə, sözlərə olan münasibət tamam başqadı. Və axırda bu qərara gəlinir ki, özgə bir dili öyrənmək, ləhçə öyrənməkdən daha asandır.

KƏLMƏNİ YOX ETMƏK


Bir kəlməni, sözü yox etmək olarmı?
Fikirləşirik...
Dostum deyir: “Hə, olar”.
Mən qarşı çıxıram: “Yox! Ola bilməz. Unutmaq olar, amma yox etmək olabilməz”.

***

Sözlər, sadəcə olaraq yaddaşlardan çıxır. Bir söz, başqa bir sözlə əvəz olunur. Məsələn “us” sözünü, biz “ağıl” sözü ilə əvəzləmişik. Ya da deyə bilərim ki, “kalık” (qalıq) sözü əvəzinə, biz bu günləri “hava” sözündən istifadə edirik. Nümunələri həddindən artıq artırmaq olar, amma demək istəyirim ki, söz yox olmur, sadədə unudulur.

Unudulan şeyi də, təkrardan yada salmaq mümkündür. Farsların böyük əsəri Gülüstanda bunu görürük. Fars dilində unudulan minlərlə sözü yenidən aktual, güncəl duruma çıxarmağı bacardı. İsraillilər, hardasa 7 min sözdən ibarət olan İbranicəni, müstəqillik qazanandan sonra 70 min sözə qaldırdılar. Unudulan sözləri yada salmaq qıraqda dursun, həmin sözlərlə bir də yeni sözlər yaratdılar. İndi 100 mindən artıq söz əhatəsi var.

Bəs biz?

Biz də dirildə bilərik. Məsələn, “tanımaq” sözü ilə bir kökdən olan “tanuq” sözünü, biz bu günləri “tanıq” formasında “şahid” mənasında yada sala bilərik. Yaxud, ilk müsəlman Türklər olan Qaraxanlıların tərcümə etdiyi Quranı Kərimdə, bir çox dini söz gedir, bunları da xatırlayıb dilimizdə işlətmək olar. Beləliklə, “namaz” əvəzinə “yükünç”, “Quran” yerinə “Oxuqu” (əski forması – okıgu) deyə bilərik.

***

Düşünürəm...
Bəlkə də mən səhv deyirəm!
Bəlkə də bir sözü yox etmək olar.

“Qarında eş” (deməli eyni qarında bərabər [eş] olan) mənası ilə qədim tarixdə dədə-babalarımız “karında eş” sözü kimi istifadə edirdilər. Buna oxşayan “arxada eş” (arxalarını, sırtlarını bir-birinə söykəyərək döyüşənlər üçün deyilirdi), “əməkdə eş” və s. sözlər də yaranıb işlətildikdən bir müddət sonra, birgəlik anlayışı verən şəkilçi də yarandı: -dAş. Onda, “qarındaeş” oldu “qarındaş”, “arxada eş” oldu “arxadaş”, “əməkdə eş” oldu “əməkdaş”...

Həə, deyirdim bəlkə bir sözü yox etmək olar. Qayıdaq...

“Karında eş” oldu “qarındaş”. Sonra qısalıb oldu “qardaş”.
Tənbəllikdən “qardaş” sözünü də deməyə ərinənlər, “qaqaş” formasına çevirdi.
Bundan ürəklənən bir neçə igid, “qaqa” sözünü də yaradıb, camaat arasında yaydı.

Ona görə də mən, irəlidə “qaqa” sözünün də qısalacağını və əvvəl “qaq”, sonra “qa”, ardından “q” və nəhayət ki yox olacağını gözləyirəm.

Bəlkə də...

Əgər biz bunu uğurla başa çatdırsaq, dünyada bir sözü yox edən ilk toplum kimi bilinərik.

SORUŞMAĞI KİMDƏN ÖYRƏNMİŞİK?

Türk dillərinin xüsusiyyətlərindən biri də odur ki, sual vermək isteyəndə şəkilçidən istifadə olunur.

Ancaq bununla yanaşı, bəzən sözləri uzadıb, intenasyayla da sual vermək olur.

Əski əl yazmaları olsun, abilər olsun, incələyəndə görürük ki, təkcə şəkilçilə sual verilir. Onda belə çıxır ki, səs uzadaraq sual vermək, sonradan dilimizin inkişafı ilə əmələ gəlib ya da sonradan başqasından öyrənmişik.

Mən, ikinci variant üzərində daha çox fikirləşirəm.

(Birinci variantın doğruluğu üzrə fikri olanların çıxışlarını gözləyəcəyəm.)

***

Ruslardan da öyrənmiş ola bilərik. Farslardan da...

Hint-Avropa dil ailəsinin üzvü olan Fars dili ehtimalı daha böyükdür. Ruslar olsa idi, hakimiyyətində qalan digər türk dövlətlərində də bunu görməyi gözləyərdik.

Bizdəki ses uzadaraq soruşmağa oxşayan bir xüsusiyyət də Kipr türklərində var.

Onlar, deyil sözünü həm şəkilçi həm də səs uzatmaqda qullanırlar.

O, gəlir deyil. (vurğusuz, mənfi mənada işlədilən söz)
O, gəlir deeyil. (vurğulu, sual mənasında işlədilən söz)

Fikrimcə, kiprlilər də yenə Hint-Avropa dil ailəsinin üzvü olan ingilislərin hakimiyyəti zamanlarında öyrəşibdilər.

HAMI YAZIÇIDI BƏS OXUCU KİMDİ?

O vaxtları Bakıya gəlmək üçün Naxçıvan hava limanında növbə gözləyirdim. Səssiz səssiz eyləşib ora bura göz gəzdirəndə biri yanaşdı və mənlə birgə yanımda eyləşən gənc oğlana "çay içmək olaar?" deyə soruşdu. Həm mən həm də yanımdakı gənc "Ola bilər" dedik və getdik çay içməyə. Adamın üzünə baxanda elə bilirsən fəhlədi, elə belə heç nədən xəbəri olmayan bir kişidir. Danışıq irəlilədi, Türk yazarlardan söz etməyə başladı. Adını eşitdiyim amma bir dəfə olsun oxumadığım yazarların kitablarından sözlər deməyə başladı və hərdən bir "bax bu da belə demişdi" deyəndə, mən də yalandan başımı sallayır, təsdiq edirdim. Axırda "ay əmi, sənin məsləyin nədir?" deyə soruşdum, "dülgərəm" deyə qarşılıq verdi. Öz özümə dedim: "Azərbaycanın dülgəri belədirsə professoru necədir?"


Bakıya çattım, aradan iki il ötdü ancaq gözlədiyim kimi olmadı. Biz, Türkiyədə elə bilirdik ki, Azərbaycanda hamı oxuçudur. Yeddi yaşlı uşaqdan tutmuş yetmiş yaşlı qocaya kimi. Deyirdilər, Azərbaycanın oxuma-yazma oranı %99,5 dir. Bu da Türkiyədən hardasa %10 çoxdur. Sovet ölkələri arasında da ən çox oran yenə Azərbaycanda imiş. Düzdür, hamı oxuma bilir amma oxumur.

Qocaların əlində kitab görə bilərsiniz, Sovetlərdən qalma olduqları üçün hələ də oxuma alışqanlıqlarını tərgidə bilməyibdilər ancaq gənclər də bu söhbət yoxdur. Onlar yalnızca dərsliklərlə maraqlanırlar. Düzü, heç əməlli başlı onlarla da maraqlanmırlar.

Hərf dəvrimi olandan sonra kiril əlifbası yerinə latin qrafikasına keçildi və beləliklə ədəbiyyat sıfırdan başlamalı oldu, latin ilə yazılmış ədəbiyyatların sayı da kifayyet qədər həsab olunmaz. Bundan ötrü hamının əlində orası burası yırtıq, cırıq cırıq olmuş, nəsə bir şeylə yapışdırılmış 20, 30 hətta 50, 60 yaşlı kitabları görmək mümkündür.


Onu da demək istəyirəm ki, kitabların tirajları qorxulu durumdadır. Ən gözdə, ən önəmli yazarların kitabları belə çap olunarkən 500-1000 tirajla nəşrə girir. Halbuki 1955 ilində çap olunmuş bir betiyin dalında 50.000 ədəd çap olunduğunu görmüşdüm.

Bunlarla yanaşı diqqəti cəlb edən bir xüsus da, Azərbaycanda çoxlu yazar-şair olmağıdır. Hərənin öz kitabı var, hərənin yazdığı şeirlər toplusu var. Hamı da dediyim kimi, 300-500 tirajla çap olunur. Demək olar ki Azərbaycanda hamı yazıçıdı, bəs onda oxuçu kimdir?

Qəzetlər 2000 tirajla çıxır, dərgilər də kitablar kimi qorxulu durumdadır. Kitab satan dükanların sayını əllə saymaq olar. Mən gerçəkdən də maraqlanıram, camaat nəyə görə oxumur? Yoo, pul söhbəti deyil! Elə olsaydı, Aqşin Yeniseyin dediyi kimi, Azərbaycanın ən böyük zavodları olan, həmişə ər-arvad istehsal edən şadlıq sarayları boş olardı. Bəs onda nə?

YAHŞİ CAZİBE VƏ TÜRKİYƏDƏKİ AZƏRİCƏ VERİLİŞLƏR

2010-cu ildə Türkiyənin ATV telekanalında verilişə başlayan və hələ də yayınlanan Yahşi Cazibe adlı serialda Azərbaycandan Türkiyəyə gedən Cazibə Abbasova adlı gəlinin yaşadığı olaylardan danışılır.

Cazibə, Türkiyədə işləmə icazəsi və vətəndaşlıq almaq üçün saxta bir evlilik eləyir. Evləndiyi saxta əri ilə birgə yaşayırlar və birbirlərindən xoşları gəlir. Olaylar da bundan sonra baş verir.

Dizinin ilk bölümləri yayınlanan da Azərbaycandan mənfi tənqitlər eşidildi. Öncələri  heç bir Azəri qızının belə iş görməyəcəyini dedilər. Sonra, həmin dizidə Azəri xalqı elə salınır dedilər. Bir müddət sonra da qızın, Azərbaycan dilini yaxşı danışamadığını dilləndirdilər.


Qızın əvvəllər yaxşı danışamamağının nədəni Türkiyəli olmasıdır. Azəricə-Türkcə qarışıq danışmağının nədəni də izləyənlərin başa düşmələri üçündür. Dizi, hər şeyə qarşın çəkilişlərini sürdürdü və indi də qarşılığını almağa başladı. Bu hər zaman belədir: Öncə söyərlər sonra öyərlər.

Bu günləri həmin dizi sayəsində Türkiyədə Azərbaycan Türkcəsi gündəmdədir. Camaat öz arasında Azərbaycan ləhcəsində danışmağa çalışır, yalnızca Azərbaycana məxsus olan Türk sözlərindən istifadə edir. Örnəyin kök öz sözümüzdü ancaq Türkiyədə havuç kimi işlədilir. Artıq demək olar ki, kök sözünün havuç anlayışında olduğunu da bilirlər. Ən yaxşısı da odur ki, artıq Azərbaycan dili Türkiyədə də dəqiq başa düşülür duruma qalxıbdır.

Bu dizilə yanaşı, Çocuklar Duymasın dizisində ata kimi oynayan Haluk xarekteri de bəzən Azərbaycan ləhcəsində danışır. Üstə gəl Yarım Elma dizisi. Sözü gedən dizidə də tikintinin qulluqçusu bir Azərbaycanlıdır. Maraqlı dizilərdən biri olan Binbir Gecedə də Azərbaycanlı bir qadın öz yerini almışdı. Kurtlar Vadisindəsə Nazır adında bir hərbçi bir neçə bölüm Polad ilə birgə döyüşmüşdü. Cem Yılmazın son kinolarından birinə yaxşı sözümüzdən düzəldilmiş Yahşi Batı adı verilmişdi. Bunlara elavə olaraq bir çox reklamda da Azərbaycan dilindən istifadə edilmişdir. Örnəyin saqqız markası olan Nazar və toyuq əti satan Şenpiliç firmalarının reklamında Azərbaycan dili danışılırdı.

Son söz olaraq deyə bilərəm ki, biz yenə eyni səhvə düşmüşük: məyvə verən ağacı daşlamışıq. Reklamın yaxşısı pisi olmaz, qoyun ləhcəmiz tanınsın.

KÖRPƏLƏRİN DİLİ

Həmişə məni maraqlandırıbdır. Qohum adlarındakı cütləşmələr, kökənlərindəki qəyrimüəyyənlik, ən əhəmiyyəti isə, o biri dillərlə birbirinə olan oxşarlıqları...

baba, bəbə, bibi, dədə, kəkə, nənə, ana, ata, aba, ağa, əcə, əçi, çiçi...

Bu nitq hissələrinin şəkilçisi, kökü filan yoxdur. Elə öz başlarına kök kəlmədilər. Bu kökləri yaradanlarsa körpələrdir. Körpələrin ağzından çıxan ilk nitq hissələri necə olubdur da, böyüklərincə qəbul edilibdir, doğrudan da maraqlı mövzüdür.

Bu kəlmələrə o biri millətlərdə də təsadüf gələ bilərsiniz amma həç kəs həç kəsdən göçürmüyübdür.

Alman dili : mama (ana), papa (ata), neun (nənə)
Alban dili : mamaja (ana), babai (ata), nente (nənə)
Fransız dili : mere (ana), pere (ata), neuf (nənə)
İngilis dili : mam, mama (ana), papa (ata), nana (nənə),
Əskimos dilləri : aana, nana (ana), aata (ata)

Əskimos dillərindəki oxşarlıq insanı təəccüpləndirsə də, bunların Türk mənşəli olduğunu demək olmaz. Əslində heç bir dil üçün demək düz olmaz. Çünki, hər bir körpə bala dodaqlanan səsləri, deməli b-m-p nitq hissələrini doğulandan sonra deməkdədir. Yekəldikçə də anası-atası ne öyrədirsə onu öyrənir və millətlər arası fərqliləşmə yaranır.

Ümumiyyətlə Türkcədə birinci dərəcədən qohum adlarında körpə dili hökm etməkdədir. "Görümcə, qayınço, qayınbaba, qayınata, qayınana" kimi kəlmələri isə böyüklər yaradıbdır. Körpə haradan anlasın bələ mərfumları? Anlasa onlara da kəlmələr tapardı. Bundan həç şüphəm yoxdur. O birisi dillərdə bu hökmdən söz eləmək mömkün dəyil. Ümumiyyətlə böyüklərin yaratdığı kəlmələrdən istifadə edilir.

Elavə olaraq məmə kəlməsi var. İngilislər mamma diyərkən, Estoniya dilində meme adlanır.

Kaka kəlməsi də beynəlmiləl sayıla bilər. Fars dilində kak, Yunan dilində kaka, Erməni dilində kak, Latin və Fransız dilində kaka adlanır.

Üsttə deyilən kəlmələrə elavə olaraq : cici, bıcı bıcı, ınga, dəhdəh, pipi, ququ, popo, aqu ququ kimi nitq hissələri deyilə bilər.

Belə bir nəticəyə varmaq olar: Tək həcanı təkrarlayaraq kəlmə yaratmaq.

QOCA - XOCA SÖZLERİNİN XIRDALANMASI

Erməni dilçi Sevan Nişanyan, Sözlərin Soyağacı adlı kitabında qoca kəlməsini belə açıqlayır :
Köhnə bir şərqi İran dilindən köçürmə ehtimalı böyükdür. Sinonimi Fars dilindəki xvaca ve xoda-dır.

Eyni yazıçı xoca kəlməsini də belə xırdalayır :
Fars dilində "ağa, evin böyüyü" mənasına gələn xvaca kəlməsindən Türk dilinə köçürmədir.

Halbuki hər iki söz də Türkcə mənşəlidir və ən möhümü də ikisi də eyni kök sözdür. Göytürk dilində koca kimi işlənməkdədir. Hörmətli, bilikli kişi mənalarına gəlməkdədir. Bu mənada ikən necə olubdur da Türkiyə Türkcəsində ər mənasına gəlibdi onu belə açıqlaya bilərəm :
Köhnə Türk dilində prenses mənasına gələn eşi kəlməsi var idi. Arvadına qiymət verən, ona sevgi bəsləyən hər Türk kişisi, öz arvadına prensesim mənasında eşi-m deməyə başlamışdır. Beləliklə bir müddət sonra eşim kəlməsi adi bir söz formasına dönmüşdür.

Bu mövzu haqqında belə bir şəy daha revayət eləyirlər :

Bir gün Çingiz Xan yanındakılara səslənib: "Mən sizin xan-ınızam, halbuki mənim də xan-ım var." deyib arvadını göstərib : "İştə bu da mənim xan-ım." Sonra dönüb qızını görsədib və bu da "bəy-im (beg-üm)" deyibdir.


Sonrasındaysa hər kişi öz arvadı üçün xan-ım deyəndə bu kəlmə də adiləşibdir. Eyni şəkildə hər arvad da öz ərini hörmətli həsab elədiyindən hörmətli, savadlı, bilikli kişi mənasına gələn qoca\xoca kəlməsini adiləşdirmişdir.

AZƏRBAYCAN TÜRKCƏSİNDƏ DƏ -YOR ŞƏKİLÇİSİ VAR!

Azərbaycan Türkcəsində indiki zaman şəkilçisi olaraq -ir4 dən istifadə olunur. Sonu saitlə qutaran sözlərdə isə araya \y\ bitişdiricisi girir və -yır4 şəkilçisi də yaranmış olur.

Türkiyə Türcəsində isə indiki zaman şəkilçisi olaraq -yor dan istifadə olunmaqdadır. Belə olanda söz kökü eyni olan kəlmələrdə bilə fərqliliklər yaranmaqdadır.

Gəlir, oxuyur, gözləyir, qalır
Geliyor, okuyor, gözlüyor, kalıyor


Irq Bitigin 24-cü ırqında[1] keçən tiləyür sözünə təsadüf edirik.

Söz başındakı t > d dönüşmələri Oğuz dillərində bir qayda kimi aparılmaqdadır. Ona görə tiləyür sözü diləyir sözünün tamam özüdür. Bu barədə bir nəçə nümunə daha verim:

tıl > til > dil - təmür > təmir > dəmir - tikən > dikən

Əski dildə var olan bu -yür şəkilçisinin kökəni yeriməkdən gəlir. Bu gün üçün Türkiyənin batı şəhərlərində yerləşənlər və Özbək Türkləri buna oxşayan bir sözdən deməli dayanmaq mənasındakı durmaq sözünün əski forması olan turmaq-dan istifadə edirlər. Məsəl üçün: gəlip turıng

Onda Azərbaycanda səs deyişmələri belədi:

gələ yörür > gələyör > gələyür > gəliyir > gəlir

Bir vaxt sonra yörümək (yerimək) sözünün sonundakı -ür sözü itibdir. Gələ sözünün sonunda yerləşən \ə\ səsi də, özündən sonra gələn gəniş \ü\ saitini daraltıb \i\ səsinə döndərib. Göy Türklərin əlifbasından da aşkardı ki, \ü\ ilə \ö\ səsi o vaxlar birbirindən ayrışa bilmirdi və çoxluqla birbirlərini əvəz edirdilər. Onda bir zaman sonra yörümək olub yürümək.

Türkiyədə isə yörür sözü qalınlaşıbdır. Bu hər vaxt olan işdir. Məsəl üçün bu gün Tanrı deyirik ama o əslində Təñri idi. Qırqızlar, Qazaqlar hələ də Tengri sözündən istifadə edirlər. Yörür > yorur səsi olanda yuxarıda dediyim kimi formalaşmalar Türkiyədə də olubdur. Onda beləliklə fərqliləşmələr yaranıbdır.

Bu söhbət Qaqavuz və Türkmənlərdən də gədə bilər. Çünki Türkmənlərdə indiki zaman şəkilçisi olaraq -yar2 dən istifadə edilərkən Qaqavuzlar da -ər2 dən istifadə edilməkdədir.

Deməli Oğuz Türklərində eyni şəkilçinin başqa başqa formalarından istifadə edilməkdədir.

_____________________________________
[1] Irq Bitig üçün Talat Təkinin “Eski Uygurca Fal Kitabı” səhifə 92-yə və Hüsəyin Namıq Orkunun “Əski Türk Yazıtları” kitabının 271-ci səhifələrinə baxıla bilər.

DAŞLAŞMIŞ SÖZLƏRİ AYIRMAQ OLA BİLMƏZMİ?

Deyirlər "daşlaşmış sözləri ayırmaq ola bilməz.” Onda “neyə görə ola bilməz?” deyə soruşanda da “ola bilməz dəəə!” deyib qoyurlar. Axı belə də elmi söhbət ola bilməz!

Daşlaşmış söz dedikdə “barış, savaş, gözəl, yuxarı” kimi sözləri başa düşürük. İndi “qardaş” sözünü neyə görə ayırmayaq? Yeniyetməler bilsə ki, eyni qarında yaşayan demekdir, pismi olar? Belə olan da uşaqlara da maraqlı gələr dilimiz. Bir şəy ki maraqlı oldu, o inkişaf edər. Deməli dilimizin inkişaf etməsini istəyirsənizsə belə şəylərə dal çəvirməyəcəksiniz. Söhbət daşlaşmış sözlərdən getdiyinə görə elə indi bir nəçə sözü özüm ayrışdırım, görək maraqlı olur yoxsa yox?

***

“Qardaş” sözünün sonundakı “-daş” ortaqlıq anlayışı verən şəkilçidir. Onun yaranması da “-da eş” sözündən gəlir. “Eş” sözü bugünləri Türkiyədə işlənsə də bizdə unutulub. Həmin sözün “eyni, birgə” kimi anlayışları var. Söz başındakı “qar-” nitq hissəsinin kökü isə “qarın”dan gəlməkdədir. Qarın + da eş : qarındaeş. Daha da əsgidən “karında eş” kimi idi. Deməli “eyni qarında yaşayan, eyni qarından doğulan” deməkdir. Amma indiki vaxtda sadəcə olaraq oğlan uşaqlarına qardaş deyirlər. Bu sözün anlayışı gödəkləşibdir. Çünki qız uşaqlarına da qardaş deyilə bilər. Yenə də Türkiyədə öz mənasını saxladığına görə gerək qız, gərək də oğlan uşaqlarına “karındaeş” sözünün o birisi  forması olan “kardeş” deyirlər. Bunun kimi “kişi” sözü də bizdə gödəkləşibdir. Əslində “nəfər, insan” demək olan söz, Türkiyədə qadınlarda da istifadə olunmaqdadır.

***

“Ovuntu” sözünün kökü “ov”dur. Sonundakı “-untu” şəkilçisi “üzüntü, qırıntı” kimi sözlərdə istifadə olunan feldən isim düzəldən “-ıntı4” şəkilçisidir. Əsgidən “ovlanmağa” çıxıb çiyinlərində geyik, ceyran gətirən igidlərin yanında əlində dovşan ilə qayıdanlar üçün belə bir anlayış yaranıbdır.

***

“Gözəl” sözünün kökü “köz”dür. Əsgi dildən günümüzə [k] > [g] dönüşümü olmuşdur. Örnəyin kəl olub gəl, kara olub qara. Onda köz olub göz. Sonra da isimdən isim düzəldən “-əl” şəkilçisi qəbul edibdir. Bu söz “gözə xoş gələn” anlayışındadır.

***

Ən çox qarşı çıxılan iki daşlaşmış söz: barış və savaş. Barış sözünün kökü bu gün “var-” olaraq istifadə etdiyimiz, əsgi dildə “bar-” olaraq işlənən feldir. Əskidən günümüzə [b] > [v] dönüşümləri vardır. Örnəyin, eb sözü olub ev, ber sözü də olub ver. Ona görə də bar sözü var olmuşdur dilimizdə. Sözün sonundakı “-ış” şəkilçisi feldən fel düzəldən şəkilçidir. Barış sözünün günümüzdə varış olması gərəkər idi ancaq eləcə qalıbdır. Belə olan sözlərə “donuq söz” (frozen word) deyilir. Varışmaq, deməli birbirinə gedib gəlmək. Çünki insanlar (ya da ordular) ancaq barış olanda birbirlərinə gedib gələ bilərlər. Savaş isə tamam bunun tərsidir. Savmaq feli, başından atmaq, uzaq tutmaq deməkdir. Sovurmaq sözü də buradan gəlir. Onsuz da ordular savaş olanda birbirlərini savmaq, sovurmaq istəyir ya da dava dalaş olanda hansıkı insanlar qarşısındakını başından uzaq tutmaq, sovurmaq istəyir.

***

Yön bildirmə üçün dilimizdə qullandığımız “-garu4” əki (şəkilçisi) vardır. Daşlaşma üzrə ən gözəl örnəklər elə bu ək üzərindən verilə bilər. İl +gərü > ilərü > iləri (türkiyədə) > irəli (azərbaycanda).

“Yuxarı” sözünün kökü “yük”dür. Sözü gedən yön bildirən ək qoşulanda belə olur: yükgərü > yukqaru > yukaru > yuxaru > yuxarı. “Yüksək” sözü də həmin “yük” kökü ilə əlaqəlidir. “Uca” sözünü də sözü gedən kökə söykəndirmək olar. Əsgi dildən günümüzə bəzi [y] səsilə başlayan sözlərdə [y] səsi itər. Onda “yücə” sözü öncə “ücə”, ardınca da qalınlaşıb “uca” olub. Ancaq Türkiyədə hələ qədim forması olan “yücə” kimi işlənir.

Bu günləri [ş] səsilə işlədilən bəzi sözlər qədimdə [lç] ilə deyilirdi. Örnəyin “yaşama müddəti” anlayışındakı “yaş” sözü qədimdə “yalç”, “baş” sözü də “balç” idi. “Ölçmək” sözü də örnək verilə bilər ancaq bu söz qədimdəki formasını saxlayıbdır. O biriləri kimi dönüşsəydi bu günləri “ölç” yox “öş” deməli olacaqdıq. Bunun kimi “alç” sözü isə həm qədim formasını saxlayıb həm də dönüşmə keçirib: alç + garu > aşqaru > aşğaru > aşağu >aşağı. Bununla yanaşı “alçaq, alçaltmaq” kimi sözlərdə qədim formasını görmək olar.
Sözü gedən ək üzrə bir neçə örnək daha verib qutaraq: dışqaru > dışğaru > dışğarı > dışarı. Bununla yanaşı “içəri” sözü də örnək verilə bilər:  içgərü > içyərü > içyəri > içəri.

DİLDƏ VARSILLIQ NECƏ OLAR?

Dildə zənginlik iki cürdür:
1. Söz zənginliyi
2. Anlam zənginliyi


Ərəb, Fars dili kəlmə zənginliyi barədə nümunə verilə biləcək dillərdir. Eyni mənaya gələn bir çox söz tapmaq mümkündür.

Türkcə isə ikinci qrubda tətqiq edilməlidir. Türkcədə eyni mənaya gələn iki kəlmə qəti tapa bilməzsiniz. Amma bir çox mənaya gələn tək kəlmədən, minlərcə tapa bilərsiniz. Cavab-yanıt, sual-soru kimi nümunələr verməniz səhv olar. Çünki cavab da sual da Ərəb mənşəlidir.

Məna zənginliyi mövzusunu hamı bilmir, bilmədiyi kimi də inkar edir. Bircə zənginliyin, kəlmələrin çoxluğundan ola biləcəyini fikirləşirlər. Amma bunlar səhv edirlər.

Tutaq ki, bir mənası olan kəlmənin 1 qızılı olsun. Elə isə 6 mənası olan kəlmənin 6 qızılı olar. Belə olanda kimə zəngin diyərsiniz? Məsələn Türkiyə Türkcəsində çıkmak* kəlməsinin 56 mənası var, deməli 56 qızılı. Ee indi bu zənginlik dəyil də nədir?

Osmanlı çağından qalan və eyni mənaya gələn 8 kəlmənin (8 nəfərin 1 qızılı olduğunu düşünün) yerinə 1 kəlmə gətirilmişdir. 8 nəfərin gördüyü işi 1 nəfər görməkdədir. Belə olanda gərəksizləri tullamaq ən məntiqli olanıdır. Bu dili kasıblaşdırmaz, əksinə zənginləşdirər. Çünki Türkcə, kəlmə zənginliyini dəyil, məna zenginliyini dəstəkləməkdədir. Əsası bunun üstünə quruludur. Amma istəndiyində kəlmə baxımından da zengin ola bilər. Hal-hazırda 600 min kəlməmiz var. Bir də dilçi Fəyza Həpçilingirlərin dediyinə görə: Türkcə var olan təbiəti ilə 2 milyon istifadə oluna bilən kəlmə yaradma bacarığına yiyədir.

KEDİ PİŞİYİ DÖYDÜ!

Türkiyə Türkcəsinin kökən sözlüyünü yazan Erməni dilçi Sevan Nişanyan, Sözlərin Soyağacında belə yazır: “Orta Yununca katta/gatta, Latınca cattus/catta, Ermənicə katu/gadu, İngiliscə cat, Almanca kater/katze, Lidya dili kate, Rusça kot/koşka, Ərəbcə qitt/qitta. Eramızdan sonra 1-ci yüzildən başlayaraq Aralıq dənizi dillerinə yayılan bu sözün kəsin kökəni bilinmir. Oğuzca çətük/çətik eyni köklə ilişkili olmalıdır. Farsça kedi (evcil) sözüyle ilişkisi gündizimsəl baxımdan olanaqsız görünməkdədir.”

Türkiyədə pişik yerinə kedi sözü deyilməkdədir. Ancaq bu sözün kökəni kəsin bilinmir. Bəs bu Türklərin həçmi pişiyi olmuyubdur ki öz dillərindən bir söz qoyamayıbdılar? Gerçəkdən də maraqlıdır.

Ancaq işin özünü araşdıranda belə olmadığını görürük. Çünki Türklər mərkəzi asiyadan köç edəndə yanlarında bircə yataq-döşək dəyil bəzi heyvanları da dallarında gətirmişlərdir. Örnəyin hal-hazırda Anadoluda yaşayan qaraqulaq vaşağı mərkəzi asiyan köç edən Türklərin dalına qoşulub, onlarla birgə gəlmişdir. Qulaqlarının üstündəki qapqara tüklərdən ötrü belə ad qoyub dədə-babalarımız. İndisə bu söz Latın dilinə caracal-caracal olarak keçib və biyoloqiyada eləcə də qullanılmaqdadır.

Əski dildə pişik sözü pisig kimi işlənməkdədir. Bilindiyi kimi əski dildən günümüzə qalan sözlərdə son hecadakı [g] ünsüzü Oğuz dillərində ya düşər ya da sərtləşərək [k] olar. Örnəyin bilig > bilik, kapug > kapu > kapı > qapı. Onda pisik sözü Azərbaycan Türkcəsində sərtləşib pisik olubdur. Zamanla da ortadakı [s] ünsüzü [ş] səsinə dönüşübdür.

Pisig sözünün izlərini bu gün də hal-hazırda Türk yurtlarında görürük. Örnəyin Qırğızlarda mışık, Qazaqlarda mısık olmuşkən Özbəklərdə müşük, Uyğurlarda isə möşük olaraq yaşayır. Tatarlar pisi deyərkən, Başqırtlar bisey biçimində bu sözü işlədirlər.


Bu sözlərin hamısı pisig sözündən törəyibdir. Diqqət yetirin, dodaqlanan səslər, deməli “b-p-m” ünsüzləri arasında yer dəyiştirmə var. Ünlülərdə ayrışma isə Türk dillərində alışıq olduğumuz bir olaydır. Örnəyin sözün özü təngri ikən Oğuz qrubundakı dillərdə olub tangrı, hətta tanrı kimi daha çox işlədilir. Bir başqa örnək Azərbaycanda bacarmaq olan söz Türkiyədə becərmək kimi işlədilir. Deməli ünsüzlər daşlaşıb qalarkən, ünlülər birbiri arasında keçiş yapa bilirlər. Türk dillərindəki deyişmələri ardıcıl düzsək belə olar:

başqırt pisig > pisiğ > pisiy > pisey > bisey
tatr pisig > pisiğ > pisi
özbək pisig > pisik > püsük > püşük > müşük
uyğur pisig > pisik > püsük > püşük > möşük
qırğız pisig > pisik > pısık > pışık > mışık
qazaq pisig > pisik > pısık > mısık

Türkiyənin kəndlərində, yaşlıların qullandığı pisik, pişik sözləri hələ də varsa, gənclər bunu bilmir, yazı dilində qullanmır. Onda artıq demək olar, Ermənin kedisi Türkün pişiyini döyüb, onun yerinə kəçibdir. Ancaq yenə də əski dildən qalma olan “pisig” sözünün izləri yaşamaqdadır. Onlar da pisi-pisi, piş-piş kimi sözlərlə...

AZƏRBAYCAN DİLİNİN RİYAZİ YÖNÜ

İstədim başlığı “Türkcənin Riyazi Yönü” olaraq qoyum ancaq Türkcə deyəndə Türkiyə Türkcəsi başa düşüldüyü üçün “Azərbaycan Dili” dedim. Ancaq Türkcə, bütün Türk soylu toplumların dilinin ortaq adı olduğundan və hamısında bir qural-qayda işlədiyindən yazının ardıcıllığında “Türkcə” sözünü işlədəcəm.

Türkcədə bir sözün çoxlu anlamları ola bilməkdədir. Örnəyin “çıxmaq” sözü Türkiyədə 56 ayrı anlamda işlədilir. Bu anlamları sözün cümlədəki yerinə görə özümüz başa düşürük. “Yeməyə çıxmaq”, “qızla çıxmaq”, “çölə çıxmaq”, “sümüyü çıxmaq” kimi cümlələr arasındakı ayrımı ana dili Türkcə olan biri başa düşər. M. Sürəyya Səzgin-in bu qonudakı örnəklərini oxuyanda bunun düz olduğunu görürük:

20 + 7 = 27
17 + 7 = 24
10 + 7 = 17

Yuxarıdakı bütün tənliklərdə +7 sayını qullandıq ancaq sonuç həmişə ayrı çıxdı. Dilimizdə də belədir, cümlələrin hamısına “çıxmaq” sözünü yazdıq ancaq sonuç sürəkli fərqli çıxdı, hərəsində başqa anlayış verdi. Türkcənin az vasitə ilə çox iş görməsi, riyaziyyatdakı 0-dan 9-a dək olan və üstə gəl (+), çıx (-), böl (:), vur (x) kimi bir nəçə işarə ilə sonsuz sayda tənlik qurub işləm düzəltməyə oxşayır.

26 yaşında ikən Amərikanın Yale Universitetində professor olaraq, dünyanın ən gənc proffessoru olma ünvanını alan kimyagər “Oxtay Sinanoğlu” belə demişdi: “Elə bil bir neçə riyaziyyatçı bir araya yığışıb -gəlin riyazi bir dil yaradağın- deyiblər və Türkcəni yaratıblar.”

Demək Türkcə riyaziyyatın qılıq dəyişdirmiş biçimidir. Ona görə də bu gün bir sözün kökünün necə ola biləcəyini, dilimizdə 1000 il sonra yarana biləcək yeni bir sözün çoxluq halda necə işlənə biləcəyini öncədən bilirik. Örnəyin dilimizdə belə bir səs dönüşmə quralı var: “b > f > v” Ona görə də “ev” sözünün əski halı “ef” idi. Daha da qabaqda “eb” biçimində idi. Onda bu günləri “öfkə” adladığımız, əskidən “öbkə” olaraq qullanılan söz bundan neçə illər sonra “övkə” olacaqdır desək yanlış olmaz.

Bu eyni birinci dərəcədən iki bilinməyənli tənliklərin çözümünə deməli həll olunmasına oxşayır. Tutaq ki, x=5, y=12 olan tənliklərin necə çözüləcəyini öyrəndikdən sonra eyni dərəcədə olan bütün tənliklərin çözümünün də bilinməsi kimi... Türkcədə istisnalar, quralsızlıqlar yoxdur. Ona görə bizdə əzbərləmək yox, öyrənmək gərəkir.

İKİLİ SAY DÜZGƏSİ
Bundan sonra anlatılanları riyazi olaraq açıqlayıb işi düsturlara dökəcəm. Beləliklə də, Türkcənin riyaziyyatla olan ilişkisini, əlaqəsini somutlaşdıracam. Türkcəni riyaziyyata dökmək üçün “ikili say düzgəsi”ndən yararlanacıq. Bu 0 (sıfır) və 1 (bir) -dən oluşan düzgədə, “0” sayı yoxluq, “1” sayı da varlıq anlayışını bildirir: [0 = yox] [1 = var]

Kök haldakı bütün sözlər üç birimlidir. Deməli kök var [1] ancaq şəkilçi yox [0].
ev : [0.1.0] , qapı : [0.1.0]

Şəkilçilər isə [0.1] biçimində göstərilir. Demək, kök yox amma şəkilçi var.
-lər : [0.1] -acaq [0.1]

Ən az üç birimdən oluşan sözlər, qoşulan əklərə (şəkilçilərə) görə arta bilməkdədir.
ev.lər [0.1.1]
ev.lər.in [0.1.1.1]

Örnəklərdə görüldüyü kimi, “evlər” sözü 011 dəyərində ikən “ev” 010 dəyərindədir. Riyaziyyatdan bilirik ki 11 sayı 10-dan böyükdür. Onsuz da evlər sözü də ev sözündən böyükdür. 1 ev hara, 100 ev hara. Əlbəttə 100 ev, 1 evdən daha önəmlidir və biz bu önəmi riyazi dəyərlərdə də görürük.

Şəxs əvəzliklərindəzaman eklərində 3 birimlik düzgələrindən yararlanacıq. Bunlar mənim verdiyim dəyərlərdir. Deməli özüm uydurmuşam. Bilimdə buna “qəbul etmə” deyirlər. Örnəyin “1 metr” deyirik, nəyə görə belə deyirik? Heç nəyə görə, yalnızca demişik ki, bu qədər uzunluğun adı “1 metr” olsun.

mən = [010]
sən = [010]
o = [000]
biz = [011]
siz = [011]
onlar = [111]

keçmiş zaman = [111]
indiki zaman = [110]
gələcək zaman = [101]

Bu qurallar isə eləsinə sağlam və tutarlıdır ki, başqa heç bir dildə yapıla bilməyən bir şəy yapıla bilər və dilimizdə heç bir vaxt işlədilməyən bir sözün bilə çoxluq halda necə işlənə biləcəyini, azaltma  dərəcəsində nə hala girə biləcəyini öncədən bilə bilirik. Bunları bilmək sözsüz ki, sizin üçün qolaydır, asandır. Bekə də heç bir önəmi də yoxdur ancaq bilimsəl baxımdan bu özəlliyə yiyə olmaq xəyal edə bilməyəcəyiniz bir bacarıqdır. Ona görə bu günləri və bundan qabaq nəçə yad dilçi, Türkcənin bu özəlliklərinə xəyran qaldıqlarını etiraf eləmişlərdir.

Ünlü Alman dilçi “Maks Müllər” öz ölkəsində 1861-ci ildə yayımlanan, üç il sonra da “Leçons Sur La Science Du langage (Dilçilik Üzrə Dərslər 1864)” adı ilə Fransız dilinə köçürülən yapıtında Türkcənin düzənliliyinə və tutarlılığına görə belə deyir: “Türkcə eləsinə düzənli, eləsinə uyumlu bir dildir ki, elə bilirsən bir seçkin bilginlər, aydınlar qurulu tərəfindən yaradılıbdır.” Daha sonra Müllər öz özünü ələştirərək: “Ancaq heç bir qurul belə bir dil yarada bilməz.” demişdir.[*]


RİYAZİ DƏYƏR UYĞULAMALARI
Türkcədə sifətlərin anlamları gücləndirib, yüngülləşdirməyə yarayan bir  quralı var. Ona görə bunların riyazi dəyərləri kök sözün qabağına gəlir.

göy [0.1.0]
göm.göy [1.1.0]
göy.ümsü [0.1.1]

İndi “göy” sözü adlıq halda 0.1.0 dəyərində ikən gücləndirici ek olan “göm-” sözü qoşulanda 1.1.0 dəyərinə çıxdı. Yüngülləşdirici -ımsı4 eki qoşulanda isə 0.1.1 oldu. Deməli sözə bir balaca təsir elədiyi riyazi olaraq da görülür.

Bu quralları indi “Aya baxdım səni gördüm, Sənə baxdım ayı gördüm.” cümləsi üzərində sınayağın.

Ay.a bax.dı.m sən.i gör.dü.m
[0.1.1][0.1.111.010][010.1][0.1.111.010]
Sən.ə bax.dı.m ay.ı gör.dü.m
[010.1][0.1.111.010][0.1.1][0.1.111.010]

Birinci cümlənin ikinci cümlədən daha önəmli olduğunu riyazi baxımdan görə bilirik. Özündə ədəbi baxımdan da daha önəmli olduğunu görə bilirik. Çünki, göydə dayanan və ədəbiyyatda arılığı, təmizliyi, gözəlliyi simgələyən aya baxıb, kimisə görmək çətin işdir. Ancaq bir insan sevdiyini nəsə gözəl bir şəyə baxanda görə bilər.

Əslində bu bir zarafat cümləsidir. Ona görə ikinci cümlədəki “ayı gördüm” sözündə heyvan adı anılır kimi vurğu yapılıb zarafat eləmək istənirsə də bunların riyazi dəyərləri alınan da aralarında fərq yarandığını görülür.

Birinci cümlədə yönlük halda işlənən “ay” sözü (aya) riyazi dəyər olaraq [0.1.1] kimi çıxır. Elə ikinci cümlədə təsirlik halda işlənən biçimi də [0.1.1] dəyərindədir. “Nəyi gördü?” sorğusuna “ayı” kimi cavab almaq olur. Ancaq heyvan adı çəkilmək istənsə “ayı” sözünün dəyəri [0.1.0] olar. Onda birinci ilə ikinci cümlə arasında riyazi fərqlər yaranır və birbirləri ilə bağlantıları qalmır.

_____________________
dipcə:
[*] Dil Dəvrimi və Sonuçları, Tahsin Yücəl 2007, s.173

DÜNYANI FƏTH EDƏN DƏMİRÇİ

Hardasa dünyanın yarısını deməli 34 milyon km² sahəsini fəth eləyən Çingiz Xan, bir vaxtlar dəmirciliklə məşğul olubdur.

Çingiz Xanın ilk adı Təmürçin olub. Bu da doğma Türk sözüdür. Günümüz Türkcəsində (Türkiyə, Azərbaycan ya da başqa Türk dövlətlərində danışılan dil) qaydalarında belədi ki, [d] ilə başlayan sözlər əskidən [t] səsi ilə başlayırdı. Buna dilçilikdə (filoloqiyada) dönüşmə deyirik. Bir nəçə örnək verim: tıl > til > dil, təñiz > dəñiz > dəniz. Onda dəmir sözü də təmir kimi işlənir idi. Amma daha da qabaqda [i] səsinin geniş halı olan [ü] səsi ilə deyilirdi, deməli təmür kimi işlənirdi.

Elçin sözünün səfir anlayışı olduğunu bilirik. Hətta elçi kimi də işlənməkdədir. Bu iki söz də eyni kökdən gəlir. Aralarındakı fərq, şəkilçinin formalaşmasından yaranmışdır. Qullanılan şəkilçi -çin bu gün istifadə etdiyimiz -cı4 şəkilçisinin özüdür.

İndi təmür sözü dəmir deməkdir, bunu öyrəndik. Sonra -çin şəkilçisi də günümüzdəki -ci şəkilçisidir dedik. Onda dəmirci kimi bir söz ortaya çıxır. Deməli Çingiz Xanın əsl adı Təmürçin, Dəmirci deməkdir.

Onu da bilirik ki, ata-babalarımız uşaqlara ad qoymazdan əvvəl o uşağın bir bacarığını gözləyirdilər. Məsəl üçün Dədəm Qorqutun bir dəstanında uşağın biri 13 yaşı olana kimi heç nə bacara bilməyib. Amma bir şənlikdə camaatın üstünə gələn yekəcə bir boğanı yumruğu ilə yerə sərəndə ona Boğaç Xan adını veriblər. Onda belə düşünsək yanlış olmaz: Çingiz Xan bir vaxtlar dəmirciliklə məşğul olubdur. Olduğuna görə də ona Təmürçin (Dəmirci) adı qoyulubdur. Bu Dəmirçi də nə zamankı böyük xan olur, onda adını Təngiz olaraq dəyişir. Yuxarıda da dedim, tengiz sözü dəniz sözünün köküdür. Nəyə görə adını Dəniz qoyubdur bilmirəm, bekə də çox böyük torpaqlara hökm etdiyinə görə amma bunu dəqiq bilmək olmaz. Təngiz sözü isə pozulub, bu günləri Çingiz olaraq qullanılır.

Bir də Teymur var. Bu söz də təmür sözünün pozulmuş formasıdır. Türkiyədə də Timur kimi işlənir. Məncə hər ikisi də yanlışdır. Çünki bizdə dəmir kimi işlənən sözün, niyə pozulmuş formasından istifadə edilsin? Biz dərsliklərdə Təymur yox, Dəmir kimi öyrətməliyik.

Söhbət -çin şəkilçisindən getdiyinə görə göyərçin sözündən danışmazsaq yaxşı alınmaz. Göy sözünü bilirsiniz. Ər sözü də çatmaq, varmaq kimi mənalara gələn ər- felinin özüdür. Ən sondakı -çin şəkilçisini də az öncə öyrəndik. Onda demək olar: göyərçin göyə ərməyə, çatmaya çalışandır. Amma sonor samitlər arasında birbirini dəyiş-toxuş deməli əvəz etmə hadisəsi var. Məsəl üçün gəlirlər yazırıq amma deyəndə gəlillər olur. Ya da alma ilə armud yazırıq ancaq danışanda almaynan armud olur. Bekə də əskidən *göyelçin idi. Yəni göy elçisi. El sözünün sonundakı [l] samiti [r] ilə dəyiş-toxuş olub. Bilirsiniz ki, əskidən quşların ayaqlarına məktub qoyub göndərirdilər. Onda bu quşlar elçi kimi olurdu. Ona görə də göydən gedən elçi kimi adlandırıblar.

Bu barədə bir söz daha var: bildirçin. O birisi sözlər kimi ayrışdıranda bildirici olur. Bu quş da bir göy elçisi kimi çalışdırılıbdır. Amma ata-babalarımız məlumat verib bizi bilikləndirdiyinə görə bildirici adını qoyubdular. Bu söz Türkiyədə bıldırcın kimi işlənir. Deməli qalınlaşıbdır. Sözlərin qalınlaşıb-incəlməsi Oğuz dillərində çoxlu olan işdir. Örnəyin, biçmək felinə qoşulan -ək şəkilçisi ilə düzələn biçək sözü qalınlaşıb bıçaq olubdur. Oğuzca dışında, hələ də Təñri kimi işlənən söz bizdə qalınlaşıb Tañrı olubdur.

YAŞIL OTA NİYƏ GÖY DEYİRİK?

Hamımız bilirik ki ot yaşıl rənglidir. Bəs yeni yeni çıxan ota niyə göyərdi deyirik? İşə belə başlayağın: yaşılnan göyün nə demək olduğunu öyrənərək.

Yaş- sözü canlı, diri deməkdir. `Nəçə yaşın var?` deyə soruşanda, soruşduğumuz nəfərin nəçə illik yaşadığını öyrənmək istəyirik əslində... Tanrıcılıq inancında hər şəyin, otun, heyvanın bilə ruhu olduğuna inanılmaqdadır. Ona görə də otun da bir ruhu vardır. O da bir canlı həsab olunur. Ata-babalarımız da yaş- sözünə, addan ad düzəldən -ıl şəkilçisini arttıraraq yaşıl sözünü törədiblər. Buna oxşuyan bir sözümüz daha var o da qızıl kəlməsidir: qız + ıl : qızıl. Qızıl sözünün qız kəlməsi ilə əlaqəsi yoxdur. İndi onun kökənləməsinə girmək istəmirəm, o da başqa yazının mözusudur.

Göy rəng isə bildiyiniz, başımızı havaya qaldırıb baxanda gördüyümüz şəyin rəngindən gəlir.

Deməli yaşıl başqa rəndir, göy bambaşqa rəngdir. İndi gələk öz mövzumuza: yeni bitən, yəkələn, böyüyən ota göyərdi deyəndə, göy rəng yaşılnan yer dəyişdirib, onunla əvəz olunmur. Çünki orda belə deyirik:

göyə ərdi > göyəərdi > göyərdi (göyə çatdı)

Ərmək sözünün çatmaq kimi bir mənası da var. Ona görə də ot, torpağın altından çıxıb, göyə doğru qalxanda göyə çatmaq istəyir.

Bunu da bilmək gərək: söz sonundakı /d/ samiti bəzən /t/ samiti ilə əvəz olur. Onda göyərdi > göyərti sözünün necə düzəldiyini indi başa düşə bilərik.

QIZ OĞLAN QIZ

Bir gün müəllimiz dedi ki:

"Çox maraqlıdır, Türkiyədən gələn qız tələbələrin soyadlarının sonunda -oğlu sözünə təsadüf edirik. Bizdə də bu söz işlənir amma oğlan uşaqlarının soyadlarında... Qız olanda deyirik -qızı."

Daha da maraqlısı Orxun abilərində var. Orada belə yazır:


üze kȫk teñri asra yāgız yėr kılındukda ekin ara kişi oglı kılınmış.

Bu mətində keçən kişi sözü, insan-nəfər mənasına gəlir. Amma Azərbaycanda yalnızca ər (kişi) mənasında istifadə olunur. Türkiyədə də əski mənası saxlanılıbdır. Ona görə də yeri gələndə arvadlara da kişi deyirlər.

Diqqət yetirsəniz orada bir də oglı sözünü görərsiniz. Bu oğlu sözünün əski formasıdır. Kişi sözündə olduğu kimi oğlu sözündə də Azərbaycanda daralma olubdur. Türkiyədə isə sözün əski formasında istifadə olunur. Ona görə də həm qız uşaqları üçün həm də oğlan uşaqları üçün oğlu deyirlər.

Sizə maraqlı bir söz daha deyim. Türkiyənin bəzi şəhərlərində qız oğlan qız deyə bir söz var. Bu sözü heç evlənməmiş qız uşaqları üçün deyərlər. Amma heç evlənməmiş oğlan uşaqları üçün oğlan qız oğlan deməzlər. Bəs bu necə olur? Ona görə olur ki, bu oğlan sözünün Türkiyədə uşaq-bala mənası var. Belə olmasa idi az əvvəl dediyim oğlan qız oğlan sözünün də istifadə olunması gərəkər idi.

İndi Türkiyədə bu söz eyni Azərbaycandakı kimi daralır. Məsəl üçün böyük şəhərlərdə (İstanbul-İzmir-Anqara) oğlan sözünün başqa mənaları törəyibdir. Onda artıq ibnələrə deməli birazı qız birazı oğlan olan insanları belə adlandırırlar.

Yadımdan çıxmadan yazım, Türkiyədə oğul sözünün bir mənası da övladdır.

BİZ TÜRKLƏR YAD DİLİ NƏDƏN ASAN ÖYRƏNİRİK?

Biz türklər yabancı dil öyrənmə baxımından çox bacarıqlıyıq. Türk dili nə qədər "kasıb bir dil" adlandırılaraq haqsızlığa uğrasa da, dilimizdə istənilən yabancı dildə olan bir səsi çıxara bilmək üçün bütün səslər bulunmaqdadır. Bu baxımdan hansı dil olursa olsun həmin dildən istənilən sözü tələffüz etməyə çətinlik çəkmirik. Bu, böyük bir avantajdır. Bunun nə mənaya gəldiyini yaxşı başa düşmək istəyirsinizsə, bir ingilisə "düşünmək" sözünü dedirtməyə çalışın. Ondan "düşünmək" yox "duşunmek" eşidəcəksiniz.

Yabancı dillərlə türk dili arasında ən önəmli fərq qrammatikanın sintaksis bölməsində ortaya çıxır. İngilis, italyan, fransız və digər bir çox avropa dillərində sözlərin cümlədə düzülüş qaydası türk dilində olandan fərqlidir. Onlarda fel əksər hallarda cümlənin başında gəlir, bizdə isə sonunda. Bu durum isə sinxron tərcümələrdə çətinlik yaradır. Maraqlı cəhət isə orasındadır ki, bu qərb dillərinin kökü sayılan latın dilində sözlərin cümlədə düzüm qaydası türk dilində olduğu kimidir. Mübtəda, tamamlıq, təyin, zəfrlik, xəbər-hamısı cümlə içində eyni yerdə yer alırlar. Bu hələ harasıdır. Qərb dillərində fel zamanları köməkçi fellərdən istifadə etməklə əmələ gətirilir, yni bir zamanı bildirmək üçün iki feldən istifadə olunur. Örnəyin, ingilis dilində- "to be", "to have", italyan dilində- "es sere", "a vere" fellərinin işlənmə qaydasını bilmək yetərli sayılır. Yaxşı, onlar köməkçi fellərdən istifadə etməklə iş gördükləri zaman biz nə edirik? Şəkilçiləri (ek) fellərin sonuna birləşdiririk. Örnəyin, "bil-əcək-mi-(y)-di". Göründüyü kimi indiki zamanda olan "bil" felinə artırılan şəkilçilər onu müxtəlif zamanlarda işlətməyə imkan verir. Qısacası, onlar bir az tənbəlliyə və asanlığa alışmışlar. Biz isə əslində nə qədər çətin bir dilə sahib olduğumuzun və bu dildə danışdığımızın fərqində deyilik. Türk dilində danışan biri üçün yabancı dil öyrənmək çox asandır.

Qəbul etmək lazımdır ki, latın dili dünyanın söz ehtiyatı baxımından ən nadir dillərindən biri, bəlkə də birincisidir. Necə ki, bəzən biz "türk dili çox elastik bir dildir" deyirik, yəni hər hansı bir söz çox və fərqli mənalarda işlənə bilər. Amma latın dilində belə hala rast gəlmək mümkün deyil. Ən azından ona görə ki, latın dilində hər sözün konkret mənası vardır. Eyni bir söz müxtəlif mənalarda işlənə bilmir, ümumiyyətlə, belə bir halın olma ehtimalı 0-a bərabərdir. Buna görə də latın dili dünyada bütün elm sahələri üçün, Hüquq olsun, Tibb olsun, ortaq dil statusu daşıyır.

Latın dilində fellərin şəxslərə görə dəyişməsi qaydası ən qədim dil sayıla biləcək türk dilində olduğu kimidir. Bunu əyani şəkildə 3 dildən gətirilən misalla göstərmək istərdim. Asan bir feli misal götürək, "görmək" feli:

İngilis dilində:
I saw We saw
You saw You saw
She/He saw They saw

Türk dilində
Gördüm Gördük
Gördün Gördünüz
Gördü Gördülər

və Latın dilində:
Vidi Vidimus
Vidisti Viditis
Vidit Viderunt

Misaldan aydın şəkildə bütün ayrıntılar görünür. Mənə elə gəlir ki, əlavə şərhə ehtiyac yoxdur. Latın dili dünyanın ən çətin dillərindən biridir, lakin Türklər üçün bu tezis keçərli deyil. Çünki biz dünyanın ən qədim və ən çətin sayıla biləcək dili olan Türk dilində danışırıq.

Rəşad Cavad TÜRKAY

SÖZLƏR TƏRLƏYƏ BİLƏRMİ?

Köhnə dildən bilirik ki, iki samit yanaşı gələ bilməz. Ona görə də tərk kəlməsi necə Türk mənşəli olur?
Bu cür kəlmələr dilimizdə çoxdur. Elə həç uzağa gətməyə də lüzum yoxdur. Türk kəlməsinin özü bu barədə nümunə verilə bilər. Amma işin əslini araşdıranda hərşəyin səlis aydın olduğunu görmək sevindiricidir.

Göytürk dilində türk kəlmesi Xrüt (türük) kimi işlənir idi. Buna görə bir problem yoxdur. Zamanla son həcadakı ü saiti tüşüb, olub Türk. Yeri gəlmiş ikən Türk kəlməsinin mənasına da diqqət yetirək. Kökəni türük olan bu kəlmənin son hecasındakı ük şəkilçisi qırıq, sökük kimi kəlmələrdə işlənən felin sifət şəkilçisinin tamam özüdür. Qırıq qırılmış, sökük sökülmüş kimi türük də türəmiş (törəmiş) mənasındadır. Türk kəlməsinin tədqiqatı uzun sürdüyünə görə bu qədər məlumat kifayətdir.

Tərk kəlməsinin isə köhnə dildə krt tərik kimi işlənməli olduğunu düşünürük. Çünki, ilk hecada ə saiti olduğuna görə dodaq oxşarlığından sonrakı hecada i saiti işlənməlidir. Bu söz də az əvvəl dediyimiz qırıq, sökük kəlmələrində gəçən ıq4 (ik4) şəkilçilərindən düzəlmişdir. Deməli tərik, tərləmiş mənasına gəlməkdədir. Bəli tərləmiş mənasına gəlir. Biraz düşünəndə tər kəlməsiylə eyni mənada olduğunu görürük. Tər, bədəni tərk edən mayəyə deyilir. Deməli bədənimizdəki mayə yerini tərk edirtərləmiş olur. Tərik mayə nitq hissəsindəki tərik sifəti bir müddət sonra bir başına o qavramı qarşılayır.

Bu sizi çaşdırmasın. Aydan arı, sudan duru deyimimizə görə. Burada gəçən arı sözünün həyvan olaraq bildiyimiz, bal mamul eden böcək olmadığını bilirik. Maxmud Kaşqarinin Divanı Lüğətit Türk kitabında arı kəlməsini təmiz, saf kimi tərif eliyir. Ona görə də, arı sözü bir sifətdir. Arı böcək nitq hissəsindəki böcək kəlməsi tüşüb, arı kəlməsi qalıb. Onu bilirik ki, arılar çox arınıq böcəklərdir. Hər biri arı öz qovanına girməzdən əvvəl qapıda ayaqlarını arındırar. Əşdə gəzəndə də sadəcə olaraq çiçəklərə qonar. Bu səbəblə də atalarımız bu böcəyi arı (təmiz-saf) qəbul edibdir.

Belə məsələlərin sayı xəddindən artıqdır. Türkiyədə Misir dövlətinə Mısır deyirlər. Mısır sözü eyni zamanda qarğıdalı mənasına da gəlir. Əslində qarğıdalı Anadoluya deməli Osmanlıya ilk dəfa Misirdən gəlir. Onda bu bitkini mısır buğdası adlayırlar. Bir zaman sonra da buğda sözü tüşür, qalır mısır kəlməsi.

Bu barədə çox maraqlı bir nümunə daha var. Bizim hindtoyuğu-hindxoruzu adladığımız heyvanı, bir zamanlar Anadoludakı Türklər də elə çağırırdı. Sonraları toyuq-xoruz kəlmələri tüşüb, sadəcə hindi qalıbdır. Diqqət yetirin, az əvvəl dediyimiz mısır buğdasındakı kimi oldu. Amma maraqlı olan odu ki, bu həyvan ilk dəfa İgilislərə Türkiyədən gədəndə, İngilislər onu Türkiyə quşu adlandırdılar. Təxmin edə biləcəyiniz kimi quş kəlməsi zamanla tüşüb, qalıb türkiyə. O da bu gün ingilislərdə turkey kimi işlənməkdədir. Həm Türkiyə mənasında həm də hindtoyuğu mənasında... Ona görə də millətçilərin İngilislər bizimlə məzələnir sözü səhvdir.

Artıq demək olar ki, nitq hissələri də tərləyə bilir. Biz daha bilirik ki, tərləmək iraqlaşmaq, uzaqlaşmaq, tərk etmək deməkdir. Az əvvəl danışdığımız nitq hissələrini yadınıza salın. Onlar iki kəlmədən ibarət idilər amma kəlmənin biri tərlədi, tərk etdi yoldaşını, ondan uzaqlaşdı, eyni bədənimizi tərk edən mayə kimi...