göytürkcə kursu etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
göytürkcə kursu etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

III-cü GÖYTÜRK DİLİ KURSU DA BİTDİ

Yanvar ayından indiyə kimi davam etdiyimiz Göytürk dili kurslarında, III mərhələyi də uğurla başa çatdırmış olmağın sevincini yaşayırıq.

Həm qədim əlifbamız olan Orxon – Yenisey abidələrində işlədilən Türk damğalarını öyrənir, həm də qədim dilimizdəki sözlərin qrammatik formaları üzərində çalışırıq. Tələbələr demək olar ki, qısa müddət ərzində hər ikisini də öyrəndi. Biz də bu uğuru, öz aramızda qeyd etmək istədik və keçən həftə qutladıq.

Kurs iştirakçılarına sertifikatlar verməzdən əvvəl, üzərinə öz əlifbamız, deməli Türk damğaları ilə yazılmış “Göytürk Dili Kursu 2013” yazan tortu kəsdik. İştirakçılardan bəziləri ürək sözlərini dedi və axırda sertifikatlar verildi.




Tədbirimizdə belkə də dünyada birinci dəfə olan hadisələr də baş verdi. Dəqiq bilmirik, belkə də dünyanın hansısa ücqar bir ərazisində, bizdən əvvəl bu işləri görənlər olub amma biz yenə də bununla özümüzü sevindiririk. Söhbət, üzərində Göytürk dilində yazı yazan tortdan və yenə üzərində Göytürk dilində yazı yazan sertifikatlardan gedir.

Kursumuzla bağlı ümumi statistika da verim: Bu il, 3 dəfə tərtib olunan kurslara cəmi 196 nəfər müraciət etdi. Bunlardan 38-i qeydiyyatdan keçdi və 23-ü də axıra kimi bütün dərslərə gəlib bitirmə bəlgəsi (sertifikat) almağa haq qazandı.


Bu semestr hardasa bitdi və mən başqa dərs deməyəcəyəm. Gələn semestr ilində, tələb olarsa yenə sevə-sevə dərs deyəcəyimin sözünü verirəm. Kurslarla bağlı ətraflı məlumat almaq istəyənlər üçün ünvan və əlaqə nömrəsi: Nizami küç. 103 Bakı. Telefon: 012 5983231



***

III-cü Göytürk Dili Kursu

Bu il Azərbaycanda ilk dəfə Türkologiya elminin inkişafında yenilik baş verdi. 2013 –cü ilin yanvarından başlayaraq “Türkəm Dərsanəsi” nin dəstəyi və Türkiyənin Iğdır şəhərindən gəlmiş, Göybəy Uluç müəllimin şəxsi təşəbbüsü ilə ödənişsiz “Göytürk dil kursları” başlandı. Həmin ilin may ayına qədər fasilələrlə 3 dəfə kurs təşkil olundu. Kursumuzun məqsədi, gənc nəslə ata –babalarımızın bizə miras qoyduğu “Orxon -Yenisey” əlifbasını öyrətmək idi. Bildiyimiz kimi, türklər Orxon –Yenisey abidələri və onların yerləşdiyi ərazilərdə, V –VIII əsrlərdə yüksək sənət və mədəniyyət yaratmışlar. Bu abdələrdə nə yazıldığını, atalarımızın bizə nələri nəsihət etdiyini, onların həyat tərzini, dünyagörüşünü, dini inanclarını, həyat və ölüm haqqındakı düşüncələrini, döyüşlərini, fəthlərini, dostunlarına sevgilərini, düşmənə nifrətlərini biz bu qədim əlifbanın sayəsində öyrənərək bilərik. Orxon -Yenisey əlifbası ilə yazılmış abidələrin çoxu Göytürk dövlətinin hökmdarları dövründə yazıldığı üçün əlifbamızı öyrədən kursumuzun adı şərti olaraq “Göytürk dil kursu” adlanmışdır. Bu əlifba Dövlət Universitetlərimizin Filologiya fakültələrində tədris olunsa da, ilk dəfə olaraq kursumuz bu sahədə oxumayan və çalışmayan gənclərimizi öyrətməyə, onları bir amal uğrunda birləşdirməyə yönəlmiş oldu. 

Kursumuza 196 nəfər baş vurmuş, 38 nəfəri qeydiyyatdan keçmiş və 23 nəfəri kursu uğurla başa vurmuş oldu.
İştirakçılarımız 6 dərsə hərfləri öyrənmə bacarığına yiyələndilər. Kursun sonunda isə onların biliyi imtahanla yoxlanıldı və keçənələrə sertifikatlar verildi.

Təbii ki, bizim çalışmamız bununla kifayətlənmədi. Kursun iştirakçılarının bir qismi ilə bir qrup yaradaraq, Orxon –Yenisey əlifbası ilə yazılmış bir abidəmizi –Irk Bitig abidəsini oxuyub tərcümə etməyə çalışdıq. Irk Bitig daha öncə bir neçə dəfə, dəyərli türkoloqlarımız Hüseyn Namiq Orxun, Tələt Təkin tərəfindən türk dilinə və Əlisa Şükürlü tərəfindən Azərbaycan dilinə tərcümə olunsa da, bizim çalışmamızla yenidən tələbələr tərəfindən Azərbaycan dilinə tərcümə olundu. Beləliklə, biz bununla həm qədim uyğur türkçəsi ilə yazılmış bir əsəri tanıdıq, həm də Azərbaycan dilçiliyinə yeni bir əsər qazandırmış olduq.
Beləliklə, kursumuz uğurla başa çatdı. İsmayılbəy Qaspıralının da dediyi kimi “Dildə, fikirdə, işdə birlik” devizini əlimizdə rəhbər tutaraq çalışmalarımızın davamı arzusu ilə...

Dilbər Vətən qızı

II GÖYTÜRK DİLİ KURSU DA BAŞA ÇATDI


2011 ilindən indiyə kimi Türk damğalarının (hərflərinin) öyrədilməsi üçün kurs açır, yığcam təhsil üçün səy göstərirəm. İlk kursumu 2011 ilində İgdır şəhərində uşaqlara keçdim. Burdakı təcrübələrimi gündəliyimə yazıb, hansı hərflərin necə öyrədilməsi gərəkdiyini, hansı hərflərin çətin olduğunu bir-bir müəyyənləşdirəndən sonra, öz hərflərimizin, deməli Orxon-Yenisey damğalarının öyrənmə prosesindəki tətbiq üsullarını dəqiqləşdirdim. 2012 ilinin axırlarında isə, Bakıda yerləşən Türkəm Dərsanəsinin yaratdığı imkan ilə Göytürk dilində kurs keçməyə başladıq. Beləliklə Azerbaycanda birinci, öz həsabıma isə II-ci Göytürk dili kurslarına başlamış oldum. 

II-ci Göytürk dili kursunu bitirən tələbələrdən bəziləri
Yanvar ayının axırlarında imtahana girən kurs iştirakçıları ilk sertifikatlarını alanda, konkret iş gördüyümüzü sübut etdilər. Ona görə II kursumuza maraq daha çox oldu. İlk kursumuza 90 qədər nəfər baş çekmişkən, II-ci kursumuzda bu say 190-a qədər qalxdı. Bunlardan 40-ı qəydiyyatdan keçdi və axırda 27-si başa çatdırdı.

Bakıdakı I-ci kursu bitirənlər arasından istəkli olan bir qrub, Göytürk dilini daha dərin öyrənmək istədiklərini dedi. Beləliklə bu qrub ilə Irk Bitig üzərinə kökləndik və hal-hazırda Irk Bitig (Qədim Uyğur dilində yazılmış fal kitabı) Azərbaycan dilinə, latin qrafikasında tərcümə olunur.
Türküstan qəzetində çıxan xəbərimiz.
II-ci kursdakı bir proyektim də, kursu başdan ayağa kamera ilə çəkmək və internetdə virtual dərs kimi yayımlamaq. Bu da uğurla alındı və bu gün internetdə 5 dərslik kurs görüntülərini izləyərək Göytürk dilini öyrənə bilərsiniz.

07.03.2013 tarixindəki imtahan ilə, II-ci kursu da başa çatdırmış olduq. İmtahanın birinci sualı, Irk Bitig'deki ırklardan biri idi və tələbələr 3 həftəlik kurs almalarına baxmayaraq açıq-aydın tərcüməni edə bildilər.

Bakıdakı III-cü kursu açma fikrimiz də var. Bunu ilkyaz bayramından (novruzdan) sonra, deməli 25.03.2013 tarixində başlatmaq istəyirik. İştirak etmək istəyənlər aşağıdakı nömrələrdən əlaqə saxlaya bilər və ya bir başa kursumuza gəlib qəydiyyatdan keçə bilər. Kurslarımız ödənişsiz olduğunu da xatırlatmaqda fayda var.

Türkəm Dərsanəsinin ünvanı: Nizami küçəsi 103 (Rəşid Behbudov adına Mahnı Teatrının yanı), Telefon: (012) 5983231

GÖYTÜRK DİLİ KURSUNDA İLK SERTİFİKATLAR VERİLDİ

08.01.2013-cü ildən başlayaraq Türkəm Dərsanəsində keçirilən Göytürk dili (Orxon-Yenisey əlifbası) kursu axıra çatmış və kurs iştirakçıları 29.01.2013 tarixində yazılı imtahan verərək sertifikat almağa haq qazanmışlardır.

Üç həftəlik tədrisdən sonra, kursda iştirak edən hər bir tələbə, qədim əlyazmalarımızı oxumağı öyrənmiş və həmin əlifbadan istifadə edərək gündəlik mətinləri yazma bacarığı qazanmışdır.

Göytürk dilində kurs, özəl qurumlarda birinci dəfədir ki, verilir. Bu baxımdan müvəffəqiyyətlə bitirilməsi, onun öz uğurunu göstərir.

Kursun müəllimi Göybəy Uluç bildirir ki, “Hal-hazırda tapılan qədim əlyazmalarımızın 20%-ı oxunub və nəticələndirilib. Geriyə qalan 80% mətin isə oxunmağı və araşdırılmağı gözləyir. Əlyazmalarımız ümumiyyətlə Almanyadakı Berlin və İngiltərədəki London muzeyində saxlanılır. Qədim Türk tarixilə kifayyət qədər maraqlanılmadığına, daha doğrusu X əsrdən geriyə gedilmədiyinə görə bunları araşdıranlar da olmur. Ona görə mən, Azərbaycanlı soydaşlarıma səslənirəm ki, gəlin öz qədim əlyazmalarımızı oxuyaq, onların hər birini nəticələndirək. Mən oxumasam, siz oxumasanız, bəs kim oxuyacaq? Oxunanları da xaricilər oxuyub. Bu haraya kimi davam edəcək?

Kursu birinci dəfə açmaq istəyəndə, müraciət edənlərin sayı xəyli çox oldu amma bunların sadəcə olaraq 30%-ı dərslərə iştirak etdi. Bu normal saydı. Elmi statiskakaya görə, iş görənlərin faizi, ümumiyyətlə həmişə 30% olur. Amma kursu uğurla başa çatdırdığımıza və konkret iş gördüyümüzə görə, bu işi bacara bildiyimizi sübut etdik və sonrakı dərslərə daha çox iştirakçının gələcəyini gözləyirik. İndi 11 nəfər sertifikat almışsa, bu sayın gələcək dəfə 30-a qalxacağını ümid edirəm.

İştirak edənlərin hamısı demək olar ki, əlyazmalarımız üstündə araşdırma aparacaq bacarığı qazandılar. Bundan sonra kursun ikinci mərhələsi olacaq və sertifikat alan dostlarımızla birlikdə oxunmayan, araşdırılmayan əlyazmalar üstündə araşdırmalar aparacağıq.”

Türkəm Dərsanəsinin müdiri Elnur Manafov bildirir ki, “Fevral ayının 11-ində yeni dərslər başlayacaq və dərslərə iştirak etmək istəyənlər əvvəlcədən qeydiyyatdan keçməlidirlər. Xatırladaq ki, kurs ödənişsizdir və kursdakı dərs materialları dərsanəmiz tərəfindən təmin olunur.”

Türkəm Dərsanəsinin ünvanı: Nizami küçəsi 103 (Rəşid Behbudov adına Mahnı Teatrının yanı), Telefon: (012) 5983231